İğtişaşlardan sonrakı Qazaxıstan: Assol Mirmanova son durumu Editor.az-a şərh edibbackend

İğtişaşlardan sonrakı Qazaxıstan: Assol Mirmanova son durumu Editor.az-a şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanda baş vermiş hadisələr Qərbi Qazaxıstan əhalisinin haqlı etirazından və prezidentimizin “Almatı faciəsi” adlandırdığı terror aktlarından ibarət çoxkomponentli bir hekayədir. Hadisələrdə ilk növbədə insanların öz narazılıqlarını ifadə etmək hüququ ilə mülki vətəndaşların və təhlükəsizlik işçilərinin öldürülməsi arasındakı fərqi başa düşmək lazımdır. Çünki hadisələr zamanı uşaqlar, qadınlar və qocalar həlak olub, çoxlu sayda insan yaralanıb. Nəzərə alsaq ki, Almatı Qazaxıstanın ən gözəl və sakit şəhəridir, ona vurulan hər hansı bir zərbə, milli ruhu sarsıda və qorxu səpə bilərdi. Bu da öz növbəsində nə üçün məhz Almatının terror hücumunun hədəfinə çevrildiyini anlamaq üçün olduqca vacib amildir”.

Bu sözləri Editor.az-a açıqlamasında Qazaxıstanın “AIN Citadel” fondunun prezidenti, politoloq Assol Mirmanova deyib.

Onun sözlərinə görə Qazaxıstanda hal- hazırda bir sıra yüksək rütbəli təhlükəsizlik əməkdaşlarına qarşı istintaq işləri aparılır:

“Çünki hücumdan əvvəl bir sıra strateji obyektlərin mühafizəsinin bilərəkdən təşkil edilməməsi ilə bağlı əmr verildiyi barədə informasiyalar dolaşır. Vətənə xəyanətlə bağlı ittihamlar var, zabitlərin tribunaldan qaçmaq üçün üçün intihar qərarları var. Bundan əlavə, həddən artıq çox insanların tribunala cəlb edilməsi, bir çox qazax və bəzi xarici vətəndaşlara qarşı zorakılıq hərəkətlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar da mövcuddur. Bütün bunlar qətllərin, döyülmələrin və talanların iştirakçıları haqqında mümkün məlumatların toplanması məqsədilə istintaqla vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi istiqamətində göstərilən səylərdir”.

Assol Mirmanova Qazaxıstanda baş verən hadisələrinin səbəbləri barədə də fikirlərini bölüşüb:

“Baş verənlərin səbəbləri xeyli mürəkkəb və çoxkomponentlidir. Burada yenə də Qazaxıstanın qərbində baş verən etirazlarla Almatı faciəsinin səbəb-nəticə əlaqəsini ayırmaq lazım gəlir. Bizim dövlət adamlarının danışıq qabiliyyəti çox zəif inkişaf edib. Düşünürəm ki, etiraz əhval-ruhiyyəsinin əhəmiyyətli bir hissəsi ilkin olaraq yerli icra hakimiyyəti orqanları ilə etiraz qrupları arasında daha effektiv ünsiyyət sayəsində azaldıla bilərdi.
Lakin yerli hakimiyyət orqanlarının ultimativ formada tələbləri rədd etməsi, gərginliyin artmasına və daha radikal tələblərin irəli sürülməsinə rəvac verdi. Hesab edirəm ki, yerli icra orqanlarının rəhbərliyi xalqla dialoqda olma bacarığı nəzərə alınmaqla formalaşdırılmalıdır. Xalqın nümayəndələri ilə danışmaq və onlara hörmət etməyi bacarmaq lazımdır, özü də təkcə ölkənin qərbində deyil, hər yerdə.

Hazırda Almatıda qurbanların sayını dəqiqləşdirmək və şəhərin bərpasına kömək etmək istəyən insanların siyahısını tutmaq üçün istintaq qrupu və vətəndaş fəalları işləyirlər. Həmçinin Almatı akiminin (merinin) istefası tələbi ilə petisiyaya başlanılıb. Ölkədə, xüsusilə Almatıda insanlar hələ də emosiyalar içindədir və onlar prezident Tokayevin hansı qərarlar verəcəyini gözləyirlər. Düşünürəm ki, təkcə Almatıda deyil, böyük iğtişaşların baş verdiyi digər bölgələrdə də akimlər dəyişdiriləcək”.

Qazaxıstanlı politoloq bildirib ki, Rusiya ilə həmsərhəd rayonlarda gənclərin gözləntiləri ilə bağlı araşdırma aparıblar: “Gənclərin müəyyən qismi təbii ki, etiraz hərəkatlarında maraql görünürdü. Çünki onların öz enerjisini xərcləməyə yerləri yoxdur və könüllü olaraq Rusiyaya gedirlər. Lakin burada müxtəlif etnik qruplara və ya konfessiyalara münasibətdə hər hansı bir təcavüz hərəkəti müşahidə olunmamışdır.
Gənclərin marginallaşması və radikalizm daha çox Qazaxıstanın cənubu üçün xarakterikdir. Ona görə də oraya belə böyük ziyan dəydi.
Xüsusilə Almatı sosial-iqtisadi təzadlar şəhəridir, bahalı idman avtomobillərində şütüyənlərlə yarı ac gəzən yeniyetmələr buranın reallığıdır. Cəmiyyətin müxtəlif təbəqələri arasında çox böyük sosial fərqlər mövcuddur və bu da proseslərə təsir etdi.

Prezident artıq sosial-iqtisadi siyasətin prioritetlərinin dəyişdirilməsi üçün sosial əhəmiyyətli məhsulların qiymətlərinin tənzimlənməsi, ciddi sosial problemlərin operativ həlli üçün fondun yaradılması, iri sahibkarlıq subyektlərinin bu sahələrə vəsait ayırması, inflyasiyanın azaldılması ilə bağlı hökumət qarşısında duran vəzifələri, tədbirlər planını açıqlayıb. Ən əsası, Prezident baş verənlərdən düzgün nəticə çıxarıb və ölkəmizin müdafiə qabiliyyəti zaman-zaman daha da gücləndiriləcəyini qeyd edib. Hüquq-mühafizə sisteminin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətəlayiqdir”.

Onun sözlərinə görə Qazaxıstan Prezidenti bütün hüquq-mühafizə orqanlarının operativ və hərbi-texniki uyğunluğunun yaradılması ilə bağlı da göstəriş verib:

“Əslində, bu, çox ciddi, zəhmət tələb edən və əlbəttə ki, düzgün iş görməyin ən optimal variantıdır. Təhlükəsizlik qüvvələrinə maliyyə və sosial dəstək də əhəmiyyətli dərəcədə artırılacaq və yerli hakimiyyət orqanlarına müstəqil qərarlar qəbul etmək üçün daha çox etimad göstəriləcək. Burada, əlbəttə ki, yanlış qərarlara görə tribunaldan yayınmaq üçün intihar hallarının arta biləcəyi kimi risklər də nəzərə alınır. Bu, çox ağır qərardır və bu zaman vəziyyətin düzgün qiymətləndirilməsi son dərəcə vacibdir.

Məsələn, şəhərlərin birində baş verən iğtişaşlardan sonra polis idarəsinin rəisi intihar edib. O, polisə vətəndaşlara atəş açmamağı əmr edib və buna görə indi o, məhkəmə qarşısında qaldı. Bəli, həlak olan hərbçilərin, polislərin, komitə üzvlərinin ailələrinə yardımlar edilir və ehtiram göstərilir. Amma bu baş verən itkilərin yerini doldura biləcəkmi?!
Ona görə də hüquq-mühafizə orqanları, milli təhlükəsizlik və Müdafiə Nazirliyi sistemində islahatların aparılması Tokayevin qəbul etdiyi düzgün və mühüm qərardır. Lakin dövlətin ayrı-ayrı qollarının sosial məsələlərin həllinə daha həssaslıqla yanaşan qurumlara çevrilməsi daha vacib və əhəmiyyətlidir”.

//Gülnarə Abasova, Editor.az