İki nəfərin ölümünə səbəb olan tuneli kim tikmişdi?backend

İki nəfərin ölümünə səbəb olan tuneli kim tikmişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib və 2020-ci il martın 13-də istifadəyə verilib. Açılış mərasimində qırmızı lenti o dövrdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5.5 metr, eni isə 13.5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün üç nasos, 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

2019-cu il, tunelin qazıntı işlərinə başlanılır

Ümumiyyətlə, bu müddət ərzində həmin avadanlıqların yararlılığı yoxlanılıbmı, bu da sual altındadır.

Fotoda Xəlil Göyüşov

Tunelin tikintisini həyata keçirən “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Şirkət 2001-ci ildə təsis edilib və Bakıda, eləcə də bölgələrdə bir sıra iri layihələri həyata keçirib.

Bu layihələrə aşağıdakılar daxildir:

– Keçmiş “Şəfa” stadionunun qarşısındakı yeraltı keçid

– Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanına avtomobil keçidi

– Suqovuşan su anbarının təmiri və bərpası

– Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu

– Sabunçu-Pirşağı-Sumqayıt dəmir yolu stansiyasının yenidən qurulması

Maraqlıdır ki, Sabunçu rayonu ərazisində “Körpü Bina Tikinti” MMC tərəfindən tikilən başqa bir tuneli də su basmış və həmin vaxt bir neçə avtomobil yararsız hala düşmüşdü.

2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da həmin vaxt tikinti zamanı nöqsanlara yol verildiyini ehtimal etmişdi. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması vacibdir.