İki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar: “Moskva bu gün öz siyasətini Bakının istəklərini nəzərə alaraq qurur”backend

İki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar: “Moskva bu gün öz siyasətini Bakının istəklərini nəzərə alaraq qurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Gürcüstanda baş verən son hadisələrdə Rusiyanın rolu olması barədə məlumatlar kütləvi informasiya vasitələrinin gündəmini zəbt edir. Gürcüstanda hakimiyyətin qəbul etdiyi “xarici agentlər haqqında” qanunun Rusiya tərəfindən hakimiyyətə təzyiq nəticəsində meydana gəlməsi, Ermənistanda isə keşiş Baqrat Qalstanyanın  Nikol Paşinyana qarşı etiraz nümayişlərinə başlamasının bilavasitə Rusiyadan idarə edildiyini iddia edirlər. Yəni, hər iki hadisə ilə əlaqədar Rusiya rəhbərliyi və kütləvi informasiya vasitələrinin münasibəti onun bu işlərin başında olmasını düşünməyə əsas verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, qeyd olunan ittihamlar Rusiya tərəfindən təsdiq olunmadığı kimi inkar da edilmir:

“Belə olan surətdə Rusiyanın Azərbaycanla bağlı gizli gündəliyinin olması barədə də ara-sıra məlumatlar sızdırılır. Təbii ki, Rusiyanın Gürcüstan və Ermənistanda fəal antihakimiyyət fəaliyyəti ilə məşğul olduğu halda Azərbaycanda sakit qalması bu şayiələrin rəvac tapmasında mühüm rol oynayır. Belə məlumatlar Azərbaycana düşmən qüvvələr tərəfindən də dövriyyəyə buraxılır. Məqsəd Rusiyaya qarşı Azərbaycanın simasında yeni düşmən obrazı yaratmaqdan ibarətdir.

Hesab edirəm ki, Rusiyanın Gürcüstan və Ermənistandakı hadisələrdə əli olması ilə bağlı ortaya atılan iddiaları əsas götürərək Azərbaycana qarşı Kremlin  belə planının  mövcud olduğunu irəli sürmək ən azından məntiqsizlikdir. Rusiya-Azərbaycan münasibətlərini dedi-qodulara deyil, Azərbaycan Respublikası Prezidentinin apardığı gərgin diplomatik siyasətə uyğun proqnozlaşdırmaq lazımdır. Məhz bu siyasətin nəticəsində 30 il bundan öncə regionda Ermənistanın ən yaxın, strateji tərəfdaşı olan Rusiya bu gün öz siyasətini Azərbaycanın istəkləri üzərindən qurur. İndi  təkcə Rusiya deyil, həm də digər regional və qlobal aktorlar öz xarici siyasətlərində Azərbaycan faktorunu nəzərə almağa məcburdurlar. Azərbaycanın qısa zamanda belə uğur qazanması onun dostlarının artması ilə nəticələndiyi kimi düşmənlərinin də qəzəblənməsinə səbəb olub. Məhz buna görə də bu uğurları həzm edə bilməyən, Azərbaycan öz iradələrini diktə etməkdə zorluq yaşayanlar ona qarşı növbənöv ittihamlar səsləndirmək, tədbir görməklə məşğuldurlar. Amma düşünürəm ki, cənab İlham Əliyevin illərlə bundan öncə elan etdiyi və başında dayandığı  hücum diplomatiyası sayəsində bizə qarşı olan bütün qüvvələrin öhdəsindən gələcəyik”.

//Gülnarə Abasova, Editor.az