“Ermənistanda antiRusiya meyilləri Nikol Paşinyanın iqtidara gəlməsindən sonra gücləndi. 44 günlük Vətən müharibəsindəki məğlubiyyət bu prosesi daha da dərinləşdirdi. Paşinyan bu yaxınlarda bildirib ki, KTMT-də fəaliyyətini dondurub və ondan qabaq da bildirmişdi ki, Ermənistan artıq tərəfdaşını dəyişməlidir. Rusiya ilə tərəfdaşlıq Ermənistana uğur qazandırmadı”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, bu kimi fikirlər istər-istəməz Ermənistanda antiRusiya abu-havasını gücləndirir:
“Ermənistanda artıq Rusiyadan uzaqlaşmaq yönündə praktiki addımlar atılır. Fikrimcə, Ermənistanın Qərbə meyilliliyi Azərbaycanın maraqlarına cavab verir. Rusiya və İranın Ermənistana qarşı mövqeyi sərtləşəcək. Bu da Azərbaycan siyasətinə uyğundur. Heç kəsə sirr deyil ki, Zəngəzur məsələsində bizə qarşı duran tərəf ilk olaraq İrandır. Rusiya da Ermənistanın illərdir ki, himayəçiliyini edir. Qərb isə okeanın o biri tayındadır. Ancaq Rusiya və İran qonşu ölkələrdir və onların Ermənistana təsiri daha güclü olacaq. İki ölkənin Ermənistanla münasibətlərinin pisləşməsi Azərbaycan üçün yeni fürsətlər yarada bilər”.
//Gülnarə Abasova, Editor.az

