İki supergücün şok planı: “Qarabağdakı rus qüvvələri…” MÜSAHİBƏbackend

İki supergücün şok planı: “Qarabağdakı rus qüvvələri…” MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Cənubi Qafqazdakı varlığını unutmaq olmaz. Əgər əvvəllər NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiyənin bölgədə varlığı müzakirə mövzusu deyildisə, bu gün o, Cənubi Qafqazdadır. Münasibətləri bir qədər gərgin olsa da, Türkiyə NATO ölkəsidir. Türkiyənin Cənubi Qafqazdakı varlığı NATO-nun bu bölgədə varlığı deməkdir”.

Yenisabah.az politoloq Natiq Mirinin müsahibəsini təqdim edirik:

– NATO Baş katibi Yens Stoltenberq İraqdakı 500 hərbi qüvvənin sayının birdən-birə 4 minə qədər artırıldığını açıqlayıb. NATO-nun belə bir addım atması nə ilə əlaqədardır?

– NATO-nun İraqdakı qoşunlarının sayının artırılması demokratların namizədi Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsi ilə bağlıdır. Baydenin sələfi Tramp ABŞ-ın İraq, Suriya və Əfqanıstandakı Amerika qüvvələrinin çıxarılması ilə əlaqədar qərar vermişdi. Bu proses ləng olsa da, həyata keçirilirdi. Pentaqondan buna dirəniş vardı, həmin dövrdə müdafiə naziri Mark Esperin işdən çıxarılması da bununla əlaqədardı.

Amma Co Bayden tamamilə fərqli siyasət həyata keçirir, ABŞ-ın dünyadakı hegemoniyasını və nüfuzunu bərpa etmək üçün Amerikanın ayrı-ayrı bölgələrdə gedən proseslərə müdaxiləsini intensivləşdirir. Biz bunu İraqda, Suriyada fəallığın artmasında, eləcə də İranla danışıqlara yenidən başlamaq hazırlığında görürük.

Buna görə də, İraqdakı NATO qüvvələrinin sayının artması ABŞ-ın xarici siyasətindəki dəyişikliklə bilavasitə əlaqəlidir. Tramp dövründə isə hətta Əfqanıstandakı NATO qoşunlarının çıxarılmasına cəhdlər edildi.

Maraqlıdır ki, ABŞ-da hakimiyyət dəyişikliyi baş verən kimi NATO fərqli strategiya seçməyə başladı.

– Alyansın yeni qərarlarını NATO üzvü olan Türkiyənin lehinə hesab etmək olarmı?

– Hesab edirəm ki, bu dəyişikliklər qardaş Türkiyənin xeyrinə deyil. Fikir verin, Bayden hakimiyyətə gəldikdən sonra PKK və YPG terrorçuları Suriya və İraqda aktivləşib. Bu fəallıq Türkiyənin nəzarətində olan bölgələrdə də hiss olunur. Eyni proses Şimali Suriya ilə yanaşı, İraqda da baş verir. Türk ordusu İraqın Qara bölgəsində hərbi əməlliyyatlara başlayıb, bunun nəticəsində 50-dən çox PKK terrorçusu məhv edilib.

Türkiyə öz daxilində və sərhədləri yaxınlığında yerləşən PKK terrorçularını birdəfəlik bitirmək qərarına gəlib. Bu baxımdan, Türkiyənin antiterror əməliyyatlarının davamlı olacağını düşünürəm. Bu kontekstdə Qara ilə yanaşı, terror yuvası olan Qəndil də darmadağın ediləcək, PKK terrorçularından təmizlənəcək.

Bundan sonra türk ordusunun başqa bir terror yuvası olan Sincarda antiterror əməliyyatının keçiriləcəyi ehtimalı böyükdür. Bununla bağlı İraq və Türkiyə rəhbərliyi arasında konkret razılaşma var.

Məlumdur ki, terrorçular Türkiyənin antiterror əməliyyatları keçirdiyi ərazilərdən kütləvi şəkildə Sincara üz tutublar. Terrorçular Sincarda hərbi bazalar yaradıblar. Maraqlıdır ki, İranın dəstəklədiyi Həşd əş-Şabi yaraqlıları da bu bölgədə yerləşir.

O da maraqlıdır ki, PKK və İranın maliyyələşdirdiyi bu hərbi birlik bir-birinə maneə yaratmır. Buna görə də Türkiyənin növbəti mərhələdə Sincarda hərbi əməliyyata başlacağını düşünürəm. Bu da ABŞ-ı ciddi şəkildə narahat edir. NATO-nun İraqdakı qoşunlarının sayının artırılması həm də bununla bağlıdır. ABŞ istəmir ki, Türkiyə İraqı birdəfəlik PKK terrorçularından təmizləsin.

– ABŞ bunu niyə istəmir?

– Çünki PKK ABŞ-ın bölgədə apardığı vəkalət savaşında bir alətdir. Eyni prosesi Suriyanın şimalında da müşahidə edirik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasında da qeyd olundu ki, türk ordusu təkcə Şimali Suriyanı yox, həm də Şimali İraqı PKK terrorçularından təmizləməyi qarşısına məqsəd qoyub. Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi üç hərbi əməliyyatdan sonra Ankara və Vaşinqton, eləcə də Ankara və Moskva arasında anlaşmalar əldə edildi. Bu anlaşma çərçivəsində Rusiya və ABŞ üzərlərinə öhdəlik götürdülər ki, PKK terrorçularını bu bölgələrdən tamamilə çıxaracaqlar, amma bir şərtlə – Türkiyə hərbi əməliyyatları dayandırsın.

Lakin bu anlaşmadan sonra nə Membiç, nə Ayn İsa, nə Kobani, nə də Türkiyə ilə razılaşdırılmış digər bölgələrdəki terrorçular çıxarıldı. Həmin bölgələrdə yerləşən PKK-çılar zaman-zaman Türkiyənin nəzarət etdiyi bölgələrə sızmaqla, terror aktları törədirlər. Son günlərdə belə hadisələrin sayı artır.

Amerika hesab edir ki, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyat keçirərsə, bu, onun maraqlarına ciddi zərbə vuracaq. Çünki ABŞ-ın həmin bölgədəki yeganə müttəfiqi PKK terrorçularıdır və onun Suriya qolu olan PYD/YPG-dir.

Bu baxımdan, NATO-nun sözügedən qərarının həm də Türkiyə əleyhinə olduğunu demək olar.

– NATO-nun fəallaşması İrana nə vəd edir, islam respublikasının regiondakı hərbi mövqelərinə qarşı hansı mübarizə üsulu seçilə bilər?

– Bir neçə gün əvvəl Şimali İraq Kürd Muxtariyyətinin mərkəzi Ərbilə raket zərbələri endirildi. Hələlik bunun arxasında hansı qüvvənin durduğu aydınlaşdırılmayıb. Həmin bölgədə ABŞ-ın hərbi bazası yerləşir. Həmin hücumda da bu baza hədəfə alınıb. ABŞ-ın açıqlamasına görə, hücumda 1 amerikalı hərbçi həlak olub, 9 nəfər yaralanıb. ABŞ-da belə bir fikir formalaşıb ki, bu hücuma əmr verən və arxada duran İrandır.

NATO-nun İraqdakı qüvvələrinin sayının artması həm də ABŞ-ın bu bölgədə güclənməsi deməkdir. Bu baxımdan, qüvvələrin artırılması, eyni zamanda, İrana nəzarət və təzyiq xarakteri daşıyır. ABŞ İranın İraqdakı hərbi varlığından narahatdır. İranın İraqda bir sıra qruplaşmaları maliyyələşdirməsi, ABŞ-ın bu ölkədəki hərbi bazalarına ciddi təhlükələr yaradır. Digər yandan, ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı anlaşılmazlıq var. Qənaətimə görə, bu problem həll edilməyənə qədər ABŞ İrana qarşı təzyiqləri davam etdirəcək. Görünür, ABŞ ciddi şəkildə narahat olmağa başlayıb ki, İranın dəstəklədiyi terror qruplaşmaları Amerika bazalarına ciddi təhlükələr yarada bilər.

NATO-nun məlum qərarı həm də İranın Suriyada dəstəklədiyi terrorçuları zərərsizləşdirmək üçün atılan bir addım ola bilər. ABŞ hədəflərindən biri də budur ki, İranın dəstəklədiyi Hizbullah və digər terrorçu qruplar Suriya ərazilərindən çıxarılsın. Buna görə də, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi İsrail zaman-zaman İranın Suriyadakı hərbi bazalarını bombardman edir. Son günlərdə isə belə halların sayı artıb ki, bu da İsrail və Rusiya arasında müəyyən gərginlik yaradıb. Çünki İsrail istədiyi vaxt qarşısında heç bir əngəl tanımadan Suriya və İraqdakı İran bazalarını bombalaya bilir. Bu baxımdan, İraqdakı NATO qüvvələrinin artırılması İranın tamamilə Suriyadan çıxarılmasına yönəlmiş bir addımdır. Çünki İranın bölgədəki hərbi varlığı həm İsrailə, həm də ABŞ-ın bölgədəki bazalarına ciddi təhlükə hesab olunur.

– NATO Rusiya ilə bağlı yeni strategiyasını da açıqlayıb. Stoltenberq bildirib ki, Rusiyanın qarşısının alınması NATO üçün prioritet olacaq. Sizcə, qarşıdakı dövrdə Rusiyanı dayandırmaq üçün bu çərçivədə hansı addımlar atıla bilər?

– Bayden hakimiyyətə gəldikdən sonra NATO yenidən güclənməyə başlayıb. Bundan sonra NATO yeni strategiyasını açıqladı və bu çərçivədə əsas hədəflərdən biri də alyansa ciddi təhdidlər yaradan Rusiyadır. Məlumdur ki, Rusiya NATO və ABŞ-ın geosiyasi maraq dairəsində olan Ukrayna ərazilərini işğal edib. Eyni zamanda, Rusiya bu gün ABŞ və NATO-nun Yaxın Şərqdəki maraqlarını təhdid edən nüvə güclərindən biridir.

Rusiya Suriyada həlledici güc kimi qalmağa davam edir. Rusiya bununla kifayətlənməyib Liviyada özünü göstərir. Liviyadakı qiyamçı Haftar qüvvələrini ciddi şəkildə dəstəkləyir. Üstəgəl, Rusiyanın post-sovet məkanında Ukraynadan sonra Cənubi Qafqazda fəallaşması ABŞ və NATO-nun maraqlarına uyğun gəlmir.

Məlumdur ki, Ermənistan və Azərbaycan arasındakı son döyüşdən sonra Rusiya sülhməramlı adı altında öz hərbi qüvvələrini Qarabağa göndərdi. Amma Rusiyanın bu missiyası sülhməramlı statusa uyğun gəlmir. Əlbəttə, Rusiya qüvvələrinin Qarabağ – Azərbaycandakı varlığı ABŞ və NATO-nun maraqlarına xidmət etmir.

Eyni zamanda, Rusiya Avropa ölkələri ilə sərhədləri boyunca özünün ən müasir raket sistemlərini yerləşdirib. Buna görə də, NATO Rusiyanı dayandırmaq üçün yeni strategiya seçib. NATO uzun müddətdir, yeni bir strategiya üzərində işləyir. Qənaətimə görə, yeni xətt Rusiyanın sözügedən bölgələrdə təsirsiz hala gətirməyə hesablanıb. Getdikcə Rusiyanı mühasirəyə almaqla, onu neytrallaşdırmaq siyasəti yürüdülür. Biz bunu Ukrayna və Gürcüstanda görürük və tədricən Moldovada da özünü göstərəcək. Məlumdur ki, Moldovada ruspərəst İqor Dodon hakimiyyətdən getdikdən sonra qərbyönümlü Maya Sandu iqtidara gəldi. Yəni, Qərb post-sovet məkanında fəallaşmağa başlayıb.

– Bəs Ermənistanla bağlı vəziyyət necə olacaq?

– Bunu tədricən Ermənistanda da müşahidə edəcəyik. Ermənistan gələcək perspektivdə ayıldıqca, Paşinyan tədricən Qərbə inteqrasiya xəttini gücləndirəcək. Düşünmürəm ki, Ermənistanda erkən seçkilər keçirilsə belə, keçmiş “Qarabağ klanı” hakimiyyətə gələ bilsin, onların bunun üçün imkanları çox məhduddur. Paşinyan hakimiyyətdən getsə belə, onun sələfləri Qərbə inteqrasiya xəttinə üstünlük verən siyasətçilər olacaq. Bu da gələcəkdə Ermənistanın Rusiyanın orbitindən çıxma ehtimalını artırır.

Düşünürəm ki, bütün bunlar ABŞ və NATO-nun Rusiyaya qarşı hazırladığı strategiyanın tərkib hissələridir.

Nəhayət, Türkiyənin Cənubi Qafqazdakı varlığını unutmaq olmaz. Əgər əvvəllər NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiyənin bölgədə varlığı müzakirə mövzusu deyildisə, bu gün o, Cənubi Qafqazdadır. Münasibətləri bir qədər gərgin olsa da, Türkiyə NATO ölkəsidir. Türkiyənin Cənubi Qafqazdakı varlığı NATO-nun bu bölgədə varlığı deməkdir.  /Teleqraf

Loading...