“İki xristian dövləti Qərbin tətbiq etdiyi oyunu oynaya bilər”- Regionda nələr BAŞ VERİR?- ŞƏRHbackend

“İki xristian dövləti Qərbin tətbiq etdiyi oyunu oynaya bilər”– Regionda nələr BAŞ VERİR?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“24 fevrala qədər zaman daha əhəmiyyətli bir şey təqdim etmək üçün çox qısa olduğundan ABŞ proseslərə mərhələli və bir qədər uzunmüddətli yanaşır. Nəbz yoxlama, piyada gedişləri etapındayıq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, ABŞ-ın açıqlamaları sərt ritorikadan uzaq, tərəzinin hər iki gözünə qoymaq istiqamətindədir:

“Burada həm sülh, həm də təhlükə elementlərinin şahidiyik. Sərhəd oyunları məsələsi isə özünü sadəcə bu amildə deyil, həm də Çexiya vətəndaşının sərhədimizi keçməsində büruzə verir. Proseslərə xüsusi xidmət agentlərinin də aktiv şəkildə cəlb olunduğunun şahidiyik. Çexiyanın Baş Qərargah rəisinin Rusiyanı respublikanın təhlükəsizliyinə “birbaşa təhdid” adlandırması da diqqətdən kənar tutulmamalıdır. Yəni, mübarizə üçün proseslər iki əsas istiqamətdən olmaqla geniş rakursdan, üçüncü ölkələr vasitəsilə tədbirlərdən yayınma ilə müxtəlif oyunçular vasitəsilə idarə olunur. İki güclü rəqibin bir-birinə qarşı ritorikası və davranışı isə getdikcə daha aqressiv və daha az proqnozlaşdırıla biləndir. Onlar Ukraynadakı vəziyyəti təhlil edərək, ilk növbədə, milli müdafiə qabiliyyətini gücləndirmək və hipotetik düşməni qorxutmaq potensialını inkişaf etdirmək üçün çıxışlar edirlər. Xarici siyasət məsələlərinə seçki öncəsi təzyiq elementlərinin tətbiq olunması ilə daxili siyasət də əlavə olunur”.

Politoloq bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən getməməyin tövsiyə olunması məsələsi sadəcə Cənubi Qafqaz regionu ilə bağlı deyil:

“ABŞ başda olmaqla, Qərb hərbi əməliyyatların başlamasının ikinci ildönümü olan fevralın 24-nə qədər diplomatlara qarşı məhdudiyyətlərin tətbiq olunmasını da yenidən gündəmə gətirib. Çexiyanın “xüsusi xidmət agentləri” səbəbindən rus diplomatlarının Şengen zonası daxilində səyahətini məhdudlaşdırmağı xahiş etməsi də bura daxil. Bir digər amil odur ki, Polşa və Baltikyanı ölkələr Rusiya alüminiumunun və mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoymağa çağırsa da, Macarıstan buna qarşı çıxdı. Bu mərhələdə isə “tabeliyində olanların sədaqətini necə saxlamaq və ya qazanmaq olar?” istiqamətində davamlı işlər görülür. Resurslardan əlavə, silah idxalı və ixracı, yerli müdafiə istehsalını artırmaq üçün Avropa və Asiyadakı mövcud fürsətlərdən yararlanmağa çalışılır. Digər tərəfdən baxmayaraq ki, Ermənistan bir neçə dəfə demarşlar etdi, lakin Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatından hələ çıxmayıb. ABŞ ilk öncə Gürcüstandan əmin olub, sonra Ermənistana keçmək planları içində idi. Ermənistanı o vaxta qədər gözləmə mövqeyində saxlayırdı. Sadə dildə desək xristian Ermənistanı dəstəkləmək üçün onlara xristian Gürcüstan lazım idi. NATO nümayəndəsi Kolominanın Ermənistanın Alyansla yaxınlaşdığını açıqlaması, bir sıra şəxslərlə görüşməsi və Ermənistan üçün bu çətin qərarın çox vaxt aparacağını bildirməsi o deməkdir ki, Qərb hələ daha dərinə baş vurmaq istiqamətində cəhdlər edir, konkret nəticə yoxdur. ABŞ Azərbaycana qarşı isə vasitəli şəkildə “silaha” əl atıb. ABŞ-ın Cənubi Qafqazda fəaliyyət göstərmək üçün tam mandat verdiyi hazırda Fransanın rəhbərlik etdiyi Avropa İttifaqının sərt anti-Azərbaycan mövqe tutmasının səbəbi də budur. Fransanın köməyi ilə kollektiv Qərb Gürcüstan və Ermənistana təzyiq etməklə sabitliyi pozmaqda, hərbi münaqişəyə sövq etməkdə maraqlıdır. İki xristian dövləti Qərbin tətbiq etdiyi oyunu oynaya bilər. Düşünürəm ki, hazırda hərbi potensial yaradılır, Fransadan Ermənistana silah tədarükünün davam etməsi də bundan xəbər verir. Məsələ orasındadır ki, həm Gürcüstan, həm də Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı ilə bağlı güclü ritorika mövcuddur. Bu baş verərsə hakimiyyətə kimin, hansı meyilli kəsimin gələcəyindən asılı olaraq paradiqma kökündən silkələnə bilər.

“Azərbaycan-Ermənistan arasında sülh sazişinə gəldikdə isə proses ləng gedir, bəzi məqamlarda tormozlanır. Qət edilən məsafə region üçün tarixi, insanlar üçün həyati əhəmiyyətli və uğurludur. İndiki məqamda müsbət trayektoriyanın davam etdirilməsinin sürətdən daha vacib olduğu görünür. Regionun mövcud gerçəkiliyi bunlardan ibarətdir”,- deyə Ş.Həsənova bildirib.

//Gülnarə Abasova, Editor.az