“İkili oyunlar” Ermənistan siyasətinin prinsipinə çevrilib- AÇIQLAMAbackend

“İkili oyunlar” Ermənistan siyasətinin prinsipinə çevrilib- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun müddətdir ki, Ermənistanda daxili siyasi böhran hökm sürür. Bu böhran Ermənistan 10 noyabrda Azərbaycan qarşısında kapitulyasiya aktına imza atdıqdan sonra daha da dərinləşib. Ölkədaxili qarşıdurmaların şiddəti o həddədir ki, hətta bəzi ciddi erməni dövlət və siyasət adamları bunun Ermənistanın məhvinə, dövlətin yox olmasına qədər gedib çıxacağını dilə gətirirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Qərbin hərbi-siyasi dairələrini Rusiya ilə, Rusiyanı isə Qərblə şantaj etmək artıq Ermənistan siyasətinin prinsipinə çevrilib:

” Bunun ermənilər üçün fəlakətlə nəticələnəcəyini xeyli əvvəl L.T.Petrosyan Paşinyanın diqqətinə çatdırmışdır. Nəzərə alsaq ki, gərginləşən münasibətlər yalnız Ermənistanın daxili siyasətində deyil, Xankəndində, separatçı rejim daxilində və ayrılıqda Ermənistan-Xankəndi xəttində də aydın görünür, deməli vəziyyət həqiqətən də ciddi və təhlükəli məcraya daxil olur. Belə bir qarışıq vəziyyətdə Ermənistan siyasi rəhbərliyi klassik erməni hiyləgərliyini işə salaraq diqqəti daxili qarşıdurmalardan yayındırmaq, Qərbdəki havadarlarından dəstək almaq xülyası ilə Azərbaycanı potensial təhlükə mənbəyi kimi göstərməyə çalışırlar. Lakin bunlar faydasız və nəticəsiz addımlardır. Çünki, Azərbaycan dövləti hərbi müstəvidə nə qədər güclüdürsə, siyasi, diplomatik və informasiya sahəsində bir o qədər güclüdür”.

Politoloqun sözlərinə görə, ekoaktivislərimizin Xankəndi yolunda, hal-hazırda da davam edən aksiyası nəinki Ermənistanı, separatçı rejimi, hətta onların havadarlarını belə çıxılmaz duruma salıb:

“Gedişat göstərir ki, onlar bunu heç gözləmirmişlər. Azərbaycanın ixtiyarında kifayət qədər müxtəlif və mükəmməl siyasi, hərbi riçaqlar var ki, bundan yeri və zamanı gəldikdə istifadə olunacaq. Eyni zamanda, Azərbaycan həm Xankəndində, həm də Ermənistanda gedən prosesləri yaxından, diqqətlə izləyir. Azərbaycan, İrəvan və Xankəndində tərəflər arasında baş vermə ehtimalı yüksək olan bir silahlı qarşıdurmanı yalnız seyr etməklə kifayətlənə bilməz. Bu reallığı da erməni siyasi dairələrinin nəzərə alması lazımdır”.

//Gülnarə Abasova, Editor.az