İkinci Dünya Müharibəsindən sonra ən GENİŞ SANKSİYALAR paketi: Rusiyanı nə gözləyir?-İqtisadçı ekspertlə MÜSAHİBƏbackend

İkinci Dünya Müharibəsindən sonra ən GENİŞ SANKSİYALAR paketi: Rusiyanı nə gözləyir?-İqtisadçı ekspertlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az iqtisadçı ekspert Fuad İbrahimovla müsahibəni təqdim edir:

-Rusiyanın sanksiyalara görə, son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya biləcəyi iddia edilir. Rusiyanı iqtisadi cəhətdən zəiflədən əsas sanksiyalar hansılardır?

– Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar İkinci Dünya Müharibəsindən sonra dünyanın ən böyük həcmdə sanksiyalar paketinə daxildir. Normal iqtisadi dəyərlərə, müasir dövrün tələblərinə uyğun idarəetmə üslubu olan hər bir ölkə bu sanksiyalar nəticəsində iflic vəziyyətinə düşə bilər.  Ancaq Rusiya əsrlərlə genetik dözümlülük əmsalı üzərində inkişaf edib və bu gün də bu sanksiyaların qarşısında heçnə olmamış kimi özünü göstərir. Ancaq bu, elə deyil. Rusiyada sanksiyaların təsiri ilə yaranan və ya yaranacaq böhranı artıq SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə etmək olar. Bu gün tətbiq olunan sanksiyalar cüzdanında istehsal gücünə qarşı olan sanksiyalar artıq bir çox şeyi aydın edir. Yenidən illərlə vaxt lazım olacaq ki, böyük həcmi yeridən istehsal prosesini əvvəlki gücə gətirsinlər. Eyni zamanda, ölkədə zəncirvari məhdudiyyətlər iş yerlərinin bağlanmasına gətirib çıxaracaq. “İflic”, “defolt”, “iqtisadi böhran” deyəndə belə bir fikir formalaşır ki, “sanki günəş bir də olmayacaq, birdən-birə qaranlıq çökəcək”. Həyat davam edir, sadəcə olaraq artıq müasir dövrün tələblərinə uyğun yaşayış insanların əlindən çıxır. Ölkəyə idxalın dayandırılması ilə  istehlakçıların əlindən illər boyu istehlak etdiyi məhsullar dəhlizi çıxacaq. Ölkənin müharibəyə başlamamışdan öncə 18 fevral tarixinə olan son hesabatda 643.2 milyard valyuta ehtiyatları var idi. 1 yanvar 2022-ci il tarixə olan sonuncu hesabatda Rusiyanın 74 milyon unsiya qızıl ehtiyatı var idi. Əlbəttə ki, bu ehtiyatlar mərhələli şəkildə tükənəcək. Ölkədə yavaş-yavaş digər sahələr dayandıqdan sonra gələn gəlirlər də su kimi axıb gedəcək. Çünki büdcə xərclərini indiki səviyyəsində saxlamaqdan ötrü hökumət öz öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün də valyutanın tükənməsi prosesi mərhələli şəkildə həyata keçəcək. Nəzərə almaq lazımdır ki,  Rusiya 1991-ci ildə SSRİ dağıldıqdan sonra mərhələli olaraq idxal amilindən ciddi şəkildə aslıdır.

-Sanksiyalar region dövlətlərinə, xüsusilə Azərbaycana necə təsir edəcək?

-Şübhəsiz ki, sanksiyaların region ölkələrinə də ciddi təsiri olacaq. Rusiya taxıl  ixracatı üzrə dünyada birinci yerdədir. Dünyada digər taxıl ixracatçı ölkələrdən 5-ci yerdə münaqişənin digər tərəfi Ukraynadır. Bu, əlbəttə ki, qlobal taxıl böhranının yaranmasına gətirib çıxara bilər. Bu konteksdə bitki yağlarında sürətli bahalaşma müşahidə olunur. Ukraynada və Rusiyada xeyli azərbaycanlı yaşayır. Uzun müddətdir ki, bizim soydaşlarımız həmin ölkədə biznes fəaliyyəti ilə məşğul olurlar. Bu gün istər-istəməz biznes mühitinin bu ölkələrdə iflasa uğraması dolayısı yolla Azərbaycana da təsir edir. İlk növbədə, soydaşlarımızın həmin ölkələrdən geri qayıtma prosesi baş başlayır. Bununla yanaşı müəyyən qədər kapital axının həcmində azalma baş verəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan üçün ən geniş bazarlardan biri Rusiyadır. Rusiya qeyri-neft ixracı üzrə Azərbaycanın ənənəvi portnuyorudur. Mövsümi olaraq kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunur. Beləliklə bu istiqamətdə də sahibkarlar üçün müəyyən çətinliklər yaranacaq. 2020-ci ilin göstəricilərinə görə, 2 milyard 671 milyon Rusiya ilə ticarət dövriyyəmiz olub. Bundan 1 milyard 962 milyonluq mal idxal etmişik. Təsəvvür edin, ki sanksiyaların genişlənməsi ilə qlobal problemlər artsa  bu qədər böyük miqdarda məhsulu Azərbaycan kompensasiya etməlidir. Eyni zamanda, 2020-ci ilin göstəricilərinə diqqət yetirsək Rusiyaya 700-900 milyon 190 minlik məhsul ixrac etmişik. Problem yaransa bu qədər məhsulun da ixrac yeri bağlanmış olur.

– Rusiyaya qarşı neft embarqosu dünyadakı neft qiymətlərində hansı dəyişikliklərə gətirib çıxaracaq?

– Azərbaycanda neft baxımından ciddi çətinliklər olacağını düşünmürəm. Rusiyanın bazardan çıxması Azərbaycan neftinə təsir etməyəcək. Bu sadəcə qiymət bahalaşmasına gətirib çıxara bilər, ancaq təkliflər və digər ölkələr tərəfindən hasilatın artırılması ilə bu  boşluq aradan qaldırıla bilər. Dünya birliyi məqsədli  şəkildə Rusiyaya qarşı sanksiyanı rahatlıqla neft amilinə də tətbiq edə bilər. Rusiya qazının bu gün Azərbaycana təsiri olmasa da 40 faiz Avropada payı var. İndiki vəziyyətdə bunun dayandırılması Qərb üçün əlverişli olmayacaq. Ancaq müəyyən perspektivdə bunun da əvəz edilməsi mümkündür. Alternativ enerji mənbələri hesabına gücləndirilmiş iş rejiminə keçirilsə bunu kompensasiya etmək olar. Mərhələli şəkildə 4-5 ilə tamamilə Avropa Rusiya qazından azad ola bilər.

//Gülnarə Abasova, Editor.az