Prezident İlham Əliyev “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, SABAH proqramının əhatə dairəsi 2025-2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək.
Sərəncama əsasən, SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin ediləcək.
Elm və Təhsil Nazirliyinə mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etmək tapşırılıb. Elm və Təhsil Nazirliyi hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.