Cənubi Qafqazda baş verən son hadisələr, regionda dəyişən güc balansı və Qərb–Rusiya münasibətlərindəki gərginlik fonunda Bakı ilə Moskva arasında istənilən yüksək səviyyəli təmas diqqət mərkəzində olur. Prezident İlham Əliyevin 7 oktyabrda Rusiya prezidenti Vladimir Putinə zəng etməsi və onu təbrik etməsi, ekspertlər tərəfindən iki ölkə arasında dialoqun davam etdiyinin göstəricisi kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında dövlət başçısının bu addımını yüksək qiymətləndirib.

Deputat bildirib ki, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Prezident İlham Əliyevin zəngini Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov da çox yüksək qiymətləndirərək, bu təmasın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu o deməkdir ki, Azərbaycanla Rusiya arasında son vaxtlar müşahidə olunan gərginlikdən Rusiya tərəfi də məmnun deyil və münasibətlərin stabilləşməsi üçün dialoqa açıqdır,” – deyə deputat vurğulayıb.
Azər Badamov hesab edir ki, ölkələr arasında gərginlik heç bir tərəfin maraqlarına xidmət etmir:
“Bizim qonşu olmağımız taleyimizə yazılıb. Uzun illər bir yerdə yaşamışıq, xalqlarımız bir-birinə inteqrasiya olunub. Azərbaycan və Rusiya arasında iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə sıx bağlılıqlar mövcuddur. Biz bu münasibətləri qarşılıqlı hörmət və fayda əsasında qoruyub möhkəmləndirməliyik”.
Deputatın sözlərinə görə, Azərbaycanla Rusiya arasında formalaşmış dostluq və qonşuluq əlaqələrinin saxlanılması regionda sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.
//Gülnarə Abasova, Editor.az

