İlin ikinci yarısında əhalinin gəlirlərini yenidən artırmaq olar – AÇIQLAMAbackend

İlin ikinci yarısında əhalinin gəlirlərini yenidən artırmaq olar – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkənin ötən ilki sosial-iqtisadi yekunları əhalinin sosial müdafiəsini getdikcə daha çox gücləndirməyə yol açır. Buna iki səbəbdən əsas və tələb var: Həm iqtisadi göstəricilər müsbətdir, həm də bahalaşma mövcuddur. Bu, ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə dair baş nazir Əli Əsədovun sədrliyilə keçirilən müşavirədən də aydın oldu. Orada qeyd olundu ki, 2021-ci ilin iqtisadi yekunları yaxşı olmaqla yanaşı, istehlak qiymətlərinin indeksi 6,7 faiz, ərzaq məhsulları üzrə inflyasiya 8,1, qeyri-ərzaq üzrə isə 5,1 faiz təşkil edib.2021-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 92,9 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,6 faiz çox ÜDM istehsal edilib. Qeyd olunan dövr ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 7,2, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Başqa sözlə desəm, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial media hesabında yazdığı kimi, Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb ki, bu, 2019-cu illə müqayisədə 11 milyard manatdan çox deməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

P. Heydərov hesab edir ki, qeyri-neft sektorunda əldə olunan göstərici isə daha çox alqışa layiqdir:
“Bu, sözügedən sektorun inkişafı sahəsində görülən işlərin nəticəsi hesab olunur. 2021-ci ildə ölkəmizdən ümumi ixrac 22,2 milyard ABŞ dolları təşkil etməklə, qeyri-neft sektoru üzrə bu rəqəm 2,7 milyard dollara bərabər olub. Bu isə 2020-ci il ilə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıq deməkdir. Dövlət başçımız İlham Əliyev dediyi kimi bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək”.
Ekspertin sözlərinə görə, strateji valyuta ehtiyatlarımızın da həcmi ötən il ərzində 2166,8 milyon dollar və yaxud 4,3 faiz artıb ki, bu da xarici dövlət borcumuzun real səviyyəsindən 6 dəfədən çox deməkdir:
“Neft Fondu üzrə artım 1 460,8 milyon dollar və yaxud 3,4 faiz, Mərkəzi Bank üzrə isə 706 milyon dollar və yaxud 11,1 faiz təşkil edib. Dövlət büdcəsinin icrası da yüksək müsbət göstəricilərlə yekunlaşıb. 2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri isə 27 milyard 412,8 milyon manat təşkil edib. 2020-ci illə müqayisədə büdcə gəlirləri 7,1 faiz, büdcə xərcləri isə 3,8 faiz artıb. Büdcənin icrasında 993,7 milyon manatlıq və ya ÜDM-in 1,1 faizi qədər kəsir yaranıb.
Müqayisə üçün qeyd edim ki, 2020-ci ildə büdcənin icrasında isə 1 milyard 744 milyon manatlıq və ya ÜDM-in 2,4 faizi qədər kəsir yaranmışdı.Göründüyü kimi, iqtisadi artımın bərpa olunması və daha yüksək səviyyədə artması, qeyri-neft sektoru üzrə ixracın cəmi 1 ilin ərzində 47 faizdən çox genişlənməsi, valyuta gəlirlərimizin yüksəlməsi, dövlət büdcəsinin gəlirlərilə xərclərinin isə yüksək səviyyədə icrası, yəni büdcə kəsirinin ÜDM-in cəmi 1,1 faizi qədər təşkil etməsi 6,7 faizlik istehlak qiymətləri indeksinə qarşı əhalinin sosial müdafiəsini daha da yaxşı təmin etmək üçün həqiqətən böyük imkanlar açır. Məlumdur ki, Azərbaycan dövlətinin iqtisadi strategiyasının əsasında əhalinin maddi və sosial rifah halını fasiləsiz yaxşılaşdırmaq dayanır. Gəlirlər artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirmək başlıca məqsəd sayılır. Bunun üçünsə 2 cəhəttələb olunur: daxildə gəlir mənbələrini həm keyfiyyət, həm kəmiyyət baxımından artırmaq, xaricdən əldə olunan gəlirləri isə durmadan genişləndirmək. Hökumət 2019-cu ildən sonra növbəti dəfə məhz bu il sosial istiqamətdə geniş maliyyələşdirməyə start verdi. Və dövlət başçımızın 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən həyata keçirilməyə başlanan yeni islahatlar mərhələsi kimi səciyyələnən bu tədbir nəticəsində 2,1 milyondan çox vətəndaşın gəlirləri artmaqla, buna il ərzində əlavə olaraq 1,5 milyard manat vəsait xərclənəcək. Bəs bu vəsait hardan və nəyin hesabınadır? Bax, vurğunu üzərinə gətirmək istədiyim məsələ də məhz bundan ibarətdir. Keçən il əldə olunan müsbət cəhətlərdən biri məhz ondan ibarət olub ki, büdcəyə nəzərdən tutulduğundan, yəni proqnozdan artıq vergi daxil olub. Bu tendensiya ən yaxşı şəkildə ilk dəfə 2019-cu ildə müşahidə edilmişdi. Həmin ildə həyata keçirilən islahatlar nəticəsində vergi və gömrük orqanlarının xəttilə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olmuşdu. Bu proses 2020-ci ilin əvvəlində də davam edirdi, lakin sonra pandemiya imkan vermədi. 2021-ci ildə isə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib ki, proqnoz 117,7 faiz yerinə yetirilib. Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8 faiz artaraq 3,8 milyard manatı keçib. Və bu sahədə proqnoz 109,9 faiz səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3 faiz artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2 faiz yerinə yetirilib”.
P. Heydərov bildirib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manata bərabər olub ki, bu da proqnozun 112,2 faiz icra edilməsi deməkdir. Sözün qısası, keçən il ərzində həm vergi, həm də gömrük xətti ilə ölkənin dövlət büdcəsinə təqribən 1,4 milyard manatdan çox əlavə vəsait toplanıb:
“Bu da qeyd etdiyim kimi, 2019-cu ildən sonra növbəti dəfə məhz bu il sosial istiqamətdə geniş maliyyələşdirməyə start verməyə əsas yaradan əsas amil rolunda çıxış edir. İstehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi ilin 2-ci yarısında daha bir sosial paketin icrası üçün indidən müvafiq hazırlıqlar görməyə, konturlar cızılmasına imkan verir. Birincisi, iqtisadi artım əhəmiyyətli şəkildə dayanıqlıdır, ikincisi, qeyri-neft məhsulları sarıdan ixracda valyuta gəlirlərimiz artan xətt üzrə genişlənir, üçüncüsü, möhkəm maliyyə sabitliyi mövcuddur, dördüncüsü, büdcə kəsirinin ÜDM-ə nisbətdə 1-2 faiz artıq təşkil etməyəcəyi üfüqdə aydın görünür, beşincisi isə, dövlət büdcəsinə gəlirləri artıqlaması ilə təmin etmək üçün şans göz önündədir və s. Qlobal bahalaşmadan və ərzaq inflasiyasından başqa cür yaxa qutarmaq mümkündürmü?!”
//Gülnarə Abasova, Editor.az