ABŞ İranla davam edən aktiv münaqişə zonasında ilk dəfə olaraq pilotsuz sürət katerlərindən istifadə etdiyini rəsmən təsdiqləyib.
Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Pentaqon bu aparatların artıq “Epik Qəzəb” (Epic Fury) əməliyyatı çərçivəsində patrul xidmətinə cəlb olunduğunu bildirib.
Söhbət Amerikanın “BlackSea” şirkəti tərəfindən hazırlanmış GARC (Global Autonomous Reconnaissance Craft) tipli katerlərdən gedir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Hokins məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, ABŞ silahlı qüvvələri Yaxın Şərq regionunda pilotsuz sistemlərdən istifadəni genişləndirməkdə davam edir. Onun sözlərinə görə, sözügedən platformalar əməliyyatlar zamanı artıq dənizdə 450 saatdan çox vaxt keçirib və 2200 dəniz milindən çox məsafə qət edib.
İndiyədək Vaşinqton münaqişə zonasında bu növ gəmilərin tətbiqi faktını gizli saxlayırdı. Lakin ekspertlər vurğulayırlar ki, bu pilotsuz katerlər təkcə kəşfiyyat məqsədilə deyil, həm də “kamikadze” formatında zərbə vasitəsi kimi istifadə oluna bilər.


