İlqar Orucov: “16 yaşadək uşaqların sosial şəbəkələrdən qorunması qətiyyətlə dəstəklənməlidir”backend

İlqar Orucov: “16 yaşadək uşaqların sosial şəbəkələrdən qorunması qətiyyətlə dəstəklənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsi son illərdə həm valideynlər, həm təhsil ictimaiyyəti, həm də dövlət qurumları qarşısında yeni çağırışlar formalaşdırıb. Rəqəmsal platformaların uşaqların həyatında getdikcə daha böyük yer tutması bir tərəfdən onların informasiya və texnologiyalara çıxış imkanlarını genişləndirirsə, digər tərəfdən yaşlarına uyğun olmayan məzmun, psixoloji təsirlər və nəzarətsiz rəqəmsal davranışlarla bağlı riskləri artırır. Bu baxımdan əsas müzakirə mövzusu yalnız sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi deyil, eyni zamanda uşaqların təhlükəsizliyinin, milli-mənəvi dəyərlərinin və sağlam sosial inkişafının necə təmin olunmasıdır. Məsələyə bu prizmadan yanaşdıqda, hüquqi tənzimləmə ilə yanaşı, ailənin, məktəbin və cəmiyyətin üzərinə düşən məsuliyyət də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov Editor.az-a açıqlamasında bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsinə həm qlobal təcrübə, həm də Azərbaycanın lokal reallıqları və milli dəyərləri kontekstindən yanaşmaq lazımdır:

“Bu kontekstdən yanaşanda problemin çoxşaxəli bir mexanizm tələb etdiyi təbii ki, aydın görünür. Rəqəmsallaşma artıq qlobal tendensiyadır və bunun qarşısını biz istəsək də ala bilmərik. Amma biz nə edə bilərik? Bu qlobal trendin faydaları və gətirdiyi müsbət tərəfləri öz təsirini göstərsin, biz isə onun mənfi tərəflərindən və zərərlərindən necə qorunaq? Bu məsələ, hesab edirəm ki, sadəcə texnoloji qadağa deyil. Ümumiyyətlə, bu, gələcəyin mənəvi və psixoloji sütunlarının qorunması mübarizəsidir. Dünyanın inkişaf etmiş ölkələri artıq tam sərbəstliyin uşaq psixologiyası və təhlükəsizliyi üçün fəlakət olduğunu qəbul edir və sərt, sistemli məhdudiyyətlərə keçirlər.

Mən nümunə çəkəcəyəm. Tutaq ki, Avstraliya və Kanada təcrübəsində 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya ümumi və birbaşa qadağalar qanunvericiliyə gətirilib. Avropa İttifaqında, xüsusilə Polşa, Fransa və digər ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, 15-16 yaş limitləri qoyulur, yaşın ciddi yoxlanılması və müvafiq təsdiqedici sənədlərin mütləq daxil edilməsi ilə qeydiyyat prosesi üzərindən bütövlükdə bu mexanizmlər tətbiq edilir və hesab edirəm ki, bu, doğrudur.

Böyük Britaniya təcrübəsinə nəzər salsaq, alqoritmlərin uşaqlara zərərli kontent ötürməsini qadağan edir, əks halda texnologiya şirkətlərinə milyonlarla dollar cərimə tətbiq olunur. Texnologiya şirkətləri həmin qadağa və məhdudiyyətlərə əməl etməsələr, milyonlarla dollar cərimə ödəməlidirlər. Qlobal təcrübə ümumilikdə sübut edir ki, dövlət səviyyəsində hüquqi çərçivənin və yaş senzinin tətbiqi artıq seçim deyil, həm də zərurətdir.

Azərbaycan reallığında isə mən bunu daha çox milli dəyərlərin aşınma təhlükəsi baxımından da dəyərləndirirəm. Azərbaycan kontekstində sosial şəbəkələr təkcə fərdi təhlükəsizlik deyil, həm də milli-mənəvi ekosistemin qorunması baxımından ciddi təhlükələrlə üz-üzədir”.

Onun sözlərinə görə, ilk növbədə ailə institutunun zəifləməsi müşahidə olunur:

“Zatən bizim cəmiyyətimizdə son illərdə çox zərərli bir tendensiya var: Azərbaycan xalqının minilliklərdən bəri formalaşdırdığı ailə institutunun zəifləməsi müşahidə olunurdu. Bu, boşanmaların sayında da özünü göstərir, ümumilikdə ailədaxili münaqişələr, zorakılıqlar və sair. Yəni burada, hətta tam səmimi deyim ki, bəzən mən bunu qeyd edəndə, bəzi feministlər və hətta Avropanın müxtəlif fondlarından və, bilmirəm, hansısa məqsədli donorlardan maliyyələşən feministlər bəzən adamın üzərinə gəlirlər. Qadın azadlığı Azərbaycan cəmiyyətində hər zaman olub və hesab edirəm ki, yenə də olacaq. Bu, bizim dinimizdə də olub. Qadına, anaya ehtiram bütövlükdə bizim cəmiyyətimizin əsas bağlarından, əsas sütunlarından biri olub.

Amma indi nə baş verib? O qadın hüquqları adı ilə, belə deyək, absurd şəkildə, bəzən görürsən ki, heç bir səbəb olmadan ailələr rahatlıqla dağılır. Və bu ailə institutunun zəifləməsi ilə məsələ bitmir. Burada Azərbaycan cəmiyyətinin təməlini təşkil edən böyüklərə hörmət, ailədaxili canlı ünsiyyət, kollektiv məsuliyyət dəyərləri artıq sosial şəbəkələrin gətirdiyi fərdiyyətçilik, izləyici qazanmaq, izləyicidən nəyisə qoparmaq və yaxud yalançı sosial şəbəkə qəhrəmanına çevrilmək, “like” toplamaq xatirinə həqiqətən də bizim mənəvi mühitimizə yaraşmayan paylaşımlar etmək və bəzən həm də aqressiv və qeyri-etik davranışlarla bütövlükdə dediyim o dəyərlərə zərbə vururlar.

Açığı deyim, bəzən TikTok-da elə yazışmalar, elə paylaşımlar adam görür ki, sadəcə olaraq mən başa düşmürəm, biz haraya gedirik, haradan gəlib haraya gedirik. Yəni bu inkişafdırsa, mən belə, şəxsən bir ziyalı kimi, alim kimi, elm xadimi kimi, ictimai xadim kimi belə inkişaf istəmirəm, tam səmimi deyim. Sanki bir başıboşluq, bir xaos, bir nizamsızlıq və hər şeyin açılıb ortaya qoyulması… Yəni bu, ayıbdır, ayıbdır və bizim dəyərlərimizə yaraşmır.

Və həm də bu, milli mentalitetə zidd kontent axını deməkdir. Süzgəcdən keçməyən qlobal kontent Azərbaycanın ənənəvi əxlaq normalarına, mental xüsusiyyətlərinə və dil mədəniyyətinə tamamilə yad olan davranış modellərini erkən yaşda uşaqların şüuraltına yeridir. Burada həm də virtual mühitdə asan yolla populyarlıq qazanmaq, əmək sərf etmədən gəlir əldə etmək meylləri uşaqların intellektual inkişafa, mütaliəyə və real zəhmətə olan marağını sıfırlayır. Biz bunu xüsusilə TikTok-da canlı yayım mədəniyyətində görürük”.

İ. Orucov qeyd edib ki, Azərbaycan qanunvericiliyində təbii ki, bununla bağlı addımlar atılıb:

“Ölkəmiz də bu təhlükələri vaxtında görərək qətiyyətli addımlar atıb. Milli Məclisdə qəbul edilən qanunvericilik dəyişikliyinə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə müstəqil qeydiyyatı qadağan edilir. 16-18 yaş qrupu üçün isə valideyn razılığı tələb olunur. Bu, milli dəyərlərin qorunması yolunda çox mühüm hüquqi sipərdir. Azərbaycan reallığında birbaşa, quru bir qadağa subyektiv olaraq uşağı gizli qeydiyyata və ailədən uzaqlaşmağa da məcbur edə bilər. Ona görə də mən hesab edirəm ki, biz mütləq şəkildə hüquqi qadağa ilə bərabər milli tərbiyə formulası, yəni hüquqi qadağa üstəgəl milli tərbiyə formulası ilə məsələyə yanaşmalıyıq.

Düşünürəm ki, qəbul edilmiş qanunlara əsasən, qlobal platformaların — tutaq ki, TikTok-dur, Instagram-dır və sair — Azərbaycan istifadəçilərindən ciddi yaş təsdiqi tələb etməsi təmin olunmalıdır. Qanunu pozan platformalar sərt şəkildə cərimələnməli və yaxud onların fəaliyyətinə qadağa qoyulmalıdır. Eyni zamanda valideynlər uşaq başını qatsın deyə smartfonu onlara hansısa bir oyuncaq kimi verməməlidirlər. Burada internet gigiyenasına nəzarət etməli və milli ailə mühitində canlı ünsiyyəti bərpa etməlidirlər. Məsələ ondadır ki, elə bu problem ən çox buradan qaynaqlanır. Valideyn savadlı olmalıdır. Valideyn məsuliyyətini başa düşməlidir. Valideyn yalnız uşağı dünyaya gətirdim və buraxdım, belə başı-başına… Bu ola bilməz, bu mümkünsüzdür. Və bu, təbii ki, həm də təhlükədir.

Eyni zamanda məktəblərdə təkcə rəqəmsal texnologiya dərsləri deyil, rəqəmsal mühitdə milli kimliyin, etik davranışın və tənqidi təfəkkürün qorunmasını öyrədən xüsusi proqramlar tədris edilməlidir.

Ümumilikdə düşünürəm ki, dövlətin 16 yaş qadağası qətiyyətlə dəstəklənməlidir. Lakin bu qadağanın ailədə mənəvi tərbiyə və məktəbdə rəqəmsal savadlılıqla tamamlanması Azərbaycan cəmiyyətinin gələcəyini və milli dəyərlərini qorumağın yeganə düzgün və effektiv yoludur. Mən bunu belə görürəm”.

//Gülnarə Abasova, Editor.az