İmişlidә 2 klub, Lәnkәranda, Masallıda sıfır..?backend

İmişlidә 2 klub, Lәnkәranda, Masallıda sıfır..?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Toplantıdan sonra Premyer Liqa ilə yanaşı, I və II Divizion iştirakçılarının adları açıqlandı.

Xüsusilə, II Divizionda çıxış edəcək komandaların siyahısına  maraqlı mənzərə ortaya çıxır.

Yeni mövsümdən İmişli rayonu həm I, həm də II Divizionda təmsil olunacaq. Rayonun eyniadlı komandası I-də, “Kür-Araz” isə II-də mübarizə aparacaq.

Dövlət tərəfindən II Divizionda iştirak edəcək komandalar üçün 50 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Ümumiyyәtlә, bütün liqalarda dövlәt dotasiyası var. Premyer Liqa 3 milyon, I Divizion 300 min, II Divizion 50 min…

Belәdirsә, dotasiya hesabına bir rayonda iki komandanın divizionlarda tәmsil olunmasının mәntiqi/sәbәbi nәdir?

İmişlidən iki komanda əvəzinə, Neftçaladan, Qubadan, futbol әnәnәlәri zәngin olan Masallıdan, Lənkərandan və digər bölgələrdən bir təmsilçinin yarışda iştirakı daha məqsədəuyğun olmazdımı? Məsələ futbolu regionlara yaymaq, kütləviləşdirməkdirsə, eyni rayonun iki komandasını yarışlara buraxmaq indiki məqamda nə dərəcə əhəmiyyətlidir? İdman prinsiplərinin qorunacağı, düşənin və qalxanın olacağı bildirilir. Region Liqasının (red-bundan sonra II Divizion) son mövsümündə çempion olan “Qusar” yenidən eyni çempionatda yarışacaq, digər finalçı “Çinar Zəngilan” isə ümumiyyətlə divizionlardan kənarda qalıb. Xülasə, sözügedən klub verilən qərarlardan sonra fəaliyyətini dayandırdı…

Sual doğuran məqamlardan biri “Xan Lənkəran 42″nin də heç bir çempionatda yer almamasıdır. “Xəzər Lənkəran”ın başlatdığı futbol ənənələrinin hələ də qorunduğu bölgənin yarışlardan kənar qalması birmənalı deyil.

Divizionlarla bağlı çatışmazlıqlar bunlarla bitmir. Zamanla mәsәlәlәrә toxunulacaq. İctima fikir, mәtbuatda araşdırmalar, mütәxәssis rәylәri nәzәrә alınsaydı, daha tәfsil, sәhih format müәyyәnlәşәrdi. Hәlәliksә…

P.S. Üç liqa vә 32 komanda. Uzun illәr sonra Azәrbaycan futbolunda miqyas bu hәddә çatıb. Tәxminәn 30  bölgәdә futbol klubu…
AFFA bu geniş prosesi idarә etmәyә hazırdırmı? Bu qәdər klubun idarә edilmәsi, mütәxәssis sayımız yetәrlidirmi?

Suallar çoxdur, ritorikdir. Artım sevindirsә dә, qayğılar düşündürür…

FutbolPress

Şahin Cəfərov