“İmtahan suallarının satılması birbaşa cinayətdir, prosesdə əli olan hər kəs istefa versin”- Təhsil ekspertindən SƏRT TƏNQİDbackend

“İmtahan suallarının satılması birbaşa cinayətdir, prosesdə əli olan hər kəs istefa versin”- Təhsil ekspertindən SƏRT TƏNQİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb .Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib.

Təhsil eksperti Kamran Əsədov Editor.az-a bildirib ki, Azərbaycanda MİQ imtahanları 2013-cü ildən yeni mərhələyə  qədəm qoyub:

“Etiraf edək ki, son illər ərzində MİQ imtahanları ilə bağlı ciddi pozuntular var. Məsələn 2009-cu ildə keçirilən imtahanlarda 26 test tapşırığı texniki baxımdan səhv idi. Sonrakı illərdə seanslar arasında sualların təkrarlanması və bəzi müəllif heyəti tərəfindən sualların verilmə faktları qeydə alındı. Ancaq bu il çox ciddi qanunsuzluq baş verib. MİQ imtahanı hüquqi baxımdan  orta ümumtəhsil məktəblərində müəllim vəzifəsinə getmək üçün yeganə vasitədir. Yəni orta məktəbdə müəllim işləmək üçün mütləq şəkildə imtahanda iştirak edib yüksək bal toplamaq tələb olunur. Ancaq baş verənlər onu göstərir ki, proses qeyri-şəffaf həyata keçirilir. Bu dəfə birmənalı olaraq  MİQ imtahanını təşkil edənlərin hər biri istefa verməlidir. Bu il keçirilən MİQ imtahanları ləğv edilməlidir. Bu ciddi hüquqi pozuntudur və bu işdə əli olan hər kəs mütləq cəzalandırılmalıdır. Qanun pozuntusuna yol verən texniki işçidən rəhbərə qədər hər biri ərizəsini yazıb işdən çıxmalıdır. Sualların satılması vicdansızlıq, şərəfsizlikdir. Bu birbaşa cinayətdir. Riyaziyyatdan imtahan verən 4 min şəxs aldadılıb. Bununla qanunvericiliyin tələbləri pozulub. Hesab edirəm ki, həmin şəxslərin adi bəyanatla işləri bitməməlidir. İnsanların hüquqlarını tapdalayan, gizlilik prinsiplərini pozan bu şəxsləri ciddi cəzalar gözləyir. Ümumiyyətlə, saxta MİQ imtahanında prosesi dəstəkləyən hərkəs sistemdən uzaqlaşdırılmalıdır. Bəzi məktəb direktorları və direktor müavinləri var ki, təhsil nazirinin MİQ imtahanındakı pozuntuları dəstəkləyirdilər. Onlar təhsil sistemindən birbaşa uzaqlaşdırılaraq məsuliyyətə cəlb edilməlidir. Bu insanlar maddi maraq qarşılığında dövlətin  həyata keçirtdiyi təhsil islahatlarına kölgə salır”.

//Gülnarə Abasova, Editor.az