“İndi orada ağır döyüşlər gedir…”  – Generalbackend

“İndi orada ağır döyüşlər gedir…” – General

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz eyni istiqamətdə hücumu davam etdirsəydik, bu, monoton olacaqdı”. 

Editor.az xəbər verir ki, bu sözləri keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov APA TV-nin “APAralel” verilişində Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəyərləndirərkən deyib. O bildirib ki, narahtlığa heç bir əsas yoxdur.

“Döyüşlərin ilk günündə həm Füzulidə, həm də Cəbrayılda bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib. Böyük bir elm var: Taktika elmi. Nəzərə almaq lazımdır ki, həmin istiqamətlərdə erməni hərbi birlikləri dağlardadı. Önəmli olan əhəmiyyət kəsb edən zirvələri almaqdır. Məsələn, Murov zirvəsi artıq alınıb. Bu zirvələri topla, aviasiya ilə almaq mümkün deyil. Ora ancaq piyada çıxmalıdır.

Yaxud götürək Talış kəndi istiqamətində olan zirvələri. 2016-cı ilin aprelində Azərbaycan Ordusu həmin zirvələrin bir neçəsini geri qaytarmışdı. İndi orada ağır döyüşlər gedir”, – deyə general bildirib.

Yaşar Aydəmirovun fikrincə, düşmənə ən müxtəlif istiqamətlərdə gözlənilməz zərbələr endirilməlidir: “Taktiki hiyləgərlik üsulları var. Monoton şəkildə eyni istiqamətdə hücuma keçmək doğru deyil. Düşmən nə qədər zəif olsa da, 30 ildir müdafiədədir. Havadarları var”, – deyə o əlavə edib.

Yaşar Aydəmirov həmçinin qeyd edib ki, Azərbaycan Ordusu ermənilərin təbliğatının qarşısını alıb: “Bunu dünyanın elit orduları edir”.

General hərbi vəziyyətin elan olunmasına da toxunub. “Bu təxribatın qarşısını almaq üçün önəmli addımdır”, – deyə keçmiş komandiri vurğulayıb.

Yaşar Aydəmirov səfərbərlik məsələsindən də danışıb: “Hami deyir ki, niyə ümumi səfərbərlik elan edilmir. Azərbaycan Ordusu dünyanın nadir ordularındandır ki, müharibə vəziyyətinə görə tam ştata malikdir. Ona görə də ümumi səfərbərliyə hələ ehtiyac yoxdur. O gün televizyada deyirlər ki, səfərbərlik elan edilib. Axı olunmayıb. Qismən səfərbərlik elan olunub ki, bu da cari çatışmazlıqları aradan qaldırmaq üçündür. Nəzərə almaq lazımdır ki, biz uğurlu əməliyyatlar keçirsək də, itkilərimiz də var. Onları əvəzləmək lazımdır axı. Qismən səfərbərlik buna görədir”.