“Bu gün regiondakı bu qeyri-stabil vəziyyətin yeganə səbəbi Ermənistan hakimiyyətinin kimlərinsə buyruq qulu olmasıdır. Tam əminliklə deyə bilərik ki, hazırki vəziyyət Ermənistan üçün də xeyirsizdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə nüfuz edib möhkəmlənmək istəyən dövlətlər çoxdur:
“Tarixə baxsaq görərik ki, hər zaman bu münaqişədən zərər görən iki xalq və daima vəziyyətdən mənfəət əldə edən xarici qüvvələr vardır. Təbii ki Azərbaycanın güclənməsi təkcə Ermənistanı narahat etmir. Biz tarix boyu yol verdiyimiz səhvlərdən dərs çıxarmalı, bu məsələni iki dövlət arasında həll etməliyik. Azərbaycan postmüharibə dövründə kifayət qədər xoş niyyətini ifadə etdi. Bütün beynəlxalq ictimaiyyət də buna şahidlik etdi edir də… Lakin mənfur qonşumuzun yaratdığı problemlər, törətdiyi təxribatlar davam edir. Biz hazırda postmüharibə dövründəyik, bu dövr bizə sülhə doğru irəliləməyə şansdır. Lakin hələ də ortada real nəticə yoxdursa, sərhəddə can itkisi varsa, bu zaman birbaşa məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir”.
M.Cəfərovun sözlərinə görə, müxtəlif maraqların toqquşduğu regionumuzda Azərbaycanın güclənməsi və regiona maraqlı olan qüvvələri əməkdaşlıq və tərəfdaşlığa cəlb etməsi əslində bir çox bütün dövlətlər üçün şansdır:
“Cənubi Qafqazın bu münaqişədən xilasının yeganə yolu buradakı dövlətlərdən birinin güclənməsi və toqquşan maraqları müttəfiqliyə çevirməsidir. Bu şansı bütün regiona yaradan isə Azərbaycandır. Mən tam əminliklə deyərdim ki, indiki gücümüz Cənubi Qafqazın taleyinin dəyişməsi üçün tarixi şəraitdir”.
//Gülnarə Abasova, Editor.az

