“İndiki vəziyyətdə emosiyalarımız ancaq döyüş xəttinə yönəlməlidir”backend

“İndiki vəziyyətdə emosiyalarımız ancaq döyüş xəttinə yönəlməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarından Azərbaycan ordusunun Madagiz (Suqovuşan) və daha 7 (Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi) kəndi işğaldan azad etməsi xəbəri ölkə başçısı tərəfindən rəsmən elan edildikdən sonra, insanlar öz sevinclərini bölüşmək üçün küçələrə axışıblar.

“MediaPost” xəbər verir ki, cəbhədə gərgin döyülərin getdiyi və ölkədə Hərbi vəziyyətlə əlaqədar komendant saatının elan olunduğu bir vaxtda, insanların küçələrə axışması birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, döyüş əməliyyatları getdiyi bir vaxtda küçələrə axın etməməli və bütün diqqəti döyüş bölgəsinə, eləcə də orduya yönəltməliyik: “Ordumuza ən böyük dəstək döyüş bölgəsinə geyimlər göndərmək, Silahlı Qüvvələr Fonduna pul vəsaiti köçürməkdir. İndiki vəziyyətdə hər hansı bir şəkildə asayiş keşikçilərinin diqqətini yayındırmaq, qaydaları pozmaq yolverilməzdir. İnsanlar daha səbr və təmkinli davranmalıdırlar. Əsas diqqət döyüş bölgəsinə yönəldilməlidir”.

Deputat əlavə edib ki, belə bir vəziyyətdə insanlar diqqətli olmalıdırlar: “Artıq deyilib ki, insanlar Səfərbərlik İdarəsinə müraciət edib döyüş bölgəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilər. Bütün hallarda hərbi vəziyyətin qaydalarının pozulması doğru addım kimi qiymətləndirilmir. Komendant saatının qaydalarına əməl etmək lazımdır. Qələbə prosesi yekunlaşandan sonra küçəyə çıxıb bayram edə bilərik. İndiki vəziyyətdə emosiyalarımız ancaq döyüş xəttinə yönəlməlidir”.

Müşviq Tofiqoğlu / “MediaPost”