İndoneziyanın müdafiə naziri və prezidentliyə namizəd Prabowo Subianto bəyan edib ki, ölkəsi Rusiyanın çətin anlarında ona kömək etdiyini unutmamalıdır.
Editor.az İndoneziyanın Viva xəbər portalının məlumatına istinadla xəbər verir ki, müdafiə naziri Subianto 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə bütün ölkələrlə yaxşı əlaqələr quracağını bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi forumda çıxış edən Subianto çıxış edib: “Biz Rusiyanı unuda bilmərik. Rusiya çətin anlarda İndoneziyaya kömək etdi və kömək etməkdə davam edir. İndi Cakartaya baxdığınız zaman Rusiya və Şərq Bloku ölkələri tərəfindən tikilmiş çoxlu böyük ictimai binalar görürsünüz”.
Hindistana hörmət etməli olduqlarını və bu ölkə ilə yaxşı əlaqələr qurmalı olduqlarını bildirən namizəd, İslam ölkələri ilə də eyni şəkildə yaxşı əlaqələr qurmalı olduqlarına diqqət çəkib.
Qeyd edək ki, İndoneziyada prezident seçkiləri 2024-cü il fevralın 14-də keçiriləcək.
//Gülnarə Abasova, Editor.az

