İnfeksionist: “TƏBİB-in protokolunda qeyd edilən antiviral dərmanların xəstələrin müalicəsində effekti yoxdur”backend

İnfeksionist: “TƏBİB-in protokolunda qeyd edilən antiviral dərmanların xəstələrin müalicəsində effekti yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həkimlər koronaviruslu xəstələrin müalicəsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərtib etdiyi klinik protokoldan istifadə edirlər. Protokollarda istifadəsi tövsiyə olunan antiviral dərman preparatları bir sıra həkimlər tərəfindən uyğun seçim hesab edilmir. Antiviral dərmanlar həm toksiki, həm də bu virus üçün effektsiz adlandırılır. Bununla yanaşı, son dövrlər həkimlər virusun mutasiyaya uğraması, o cümlədən koronavirusun yeni ştammının qeydə alınması ilə əlaqədar olaraq xəstəliyin simptomlarının və kliniki gedişinin müəyyən qədər dəyişdiyini bildirirlər. Beləliklə, TƏBİB-in koronaviruslu xəstələrin müalicəsi ilə bağlı tərtib etdiyi klinik protokolunda hansısa dəyişikliyə ehtiyac varmı?

 

Mövzu ilə bağlı Pravda.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə danışıb.

 

İnfeksionist:

 

Həkim infeksionist bildirib ki, TƏBİB-in protokolunda yazılan antiviral dərmanların xəstələrin müalicəsində heç bir effektini görmür: “Ümumiyyətlə, protokola sonradan əlavə edilən “Favipiravir”in koronavirusa qarşı effektiv olduğu ilə bağlı elmi cəhətdən heç bir sübut yoxdur. Sadə bir infeksionist kimi deyə bilərəm ki, koronavirusa konkret olaraq təsir göstərən dərman preparatı mövcud deyil. Koronavirusun müalicəsində ilk əvvəl elə bütün dünyada İİV infeksiyası əleyhinə olan “Kaletra” preparatından istifadə edilirdi. Daha sonra protokollardan həmin dərmanı çıxarıb, əvəzinə “Favipiravir” əlavə etdilər. Təbii ki, protokola uyğun dərmanları əlavə etmək və ya çıxarmaq rəsmi qurumların mövqeyidir, amma öz şəxsi fikrimi deyirəm ki, TƏBİB-in protokolunda qeyd edilən antiviral dərmanların xəstələrin müalicəsində effekti yoxdur”.

 

V.Cavadzadə qeyd edib ki, koronaviruslu xəstələrlə bağlı təyinatlar yalnız infeksionistlər tərəfindən verilməlidir: “Hazırda müxtəlif ixtisaslar üzrə, demək olar ki, bütün həkimlər koronavirusla məşğuldur. Nəzərə almaq lazımdır ki, bu, infeksion xəstəlikdir”.

 

Həkimin sözlərinə görə, əgər xəstəyə antiviral preparat təyin edilirsə, mütləq infeksionistin məsləhəti ilə olmalıdır: “Lakin statistikaya baxsaq, bu gün antiviral dərmanları infeksionistlərdən 10-20 dəfə çox məhz başqa sahənin həkimləri yazırlar. Bir infensionist kimi xəstələrə antiviral  preparat təyin etmirəm”.

 

Onun fikrincə, Azərbaycanda dünyasını dəyişən təxminən 3000 koronaviruslu xəstənin neçəsinin müalicə zamanı antiviral dərmanlardan istifadə etdiyi araşdırmaq lazımdır: “Əgər bu dərman preparatları müəyyən qədər effektiv hesab edildiyi üçün protokola əlavə olunubsa və dünyasını dəyişən xəstələr həmin dərmanları qəbul ediblərsə, niyə müsbət təsiri olmayıb? Sual yaranır, niyə xəstələr dünyasını dəyişib? Təkrar edirəm, bütün antiviral dərmanlar xəstələr üçün əlavə yükləmədir: həm toksikidir, həm də əks təsirləri həddindən artıq çoxdur. Üstəlik immunitetin aşağı düşməsinə səbəb olur”.