İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan hərb meydanında olduğu kimi, informasiya müharibəsində də qələbə qazandı. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yorulmadan çoxlu sayda yerli və xarici media nümayəndələri üçün tarixi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında da əhəmiyyətli rol oynadı. Bütün dünya Azərbaycanın haqlı mövqeyini məhz Prezident İlham Əliyevin dilindən dinlədi. Prezident İlham Əliyev 44 günlük müharibə və sonrakı dövrdə bu prosesi çox uğurlar apardı. Belə bir dövrdə bir çox aidiyyatı qurumların bu informasiya savaşında rolu ciddi suallar doğurur.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlətin xarici siyasətində prioritet məsələlərdəndir:

“44 günlük müharibə zamanı cənab prezident İlham Əliyev bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən dövlətimizin üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandan Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında işğalçını ən müxtəlif səviyyələrdə ifşa etdi”.
Millət vəkili qeyd edib ki, vətənimizin qarşılaşdığı haqsızlıqlarla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının ümdə vəzifəsidir: “Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların, dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter almasının şahidi oluruq. Təbii ki bu hal son dərəcə sevindiricidir. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyətini bu baxımdan xüsusi vurğulaya bilərəm. Fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edib, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışıb. Heydər Əliyev Fondu uzun illərdir ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunur.
Son illər ölkəmizdə Azərbaycanın üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Deyə bilərəm ki, bu missiya qarşıdakı illərdə də layiqincə davam etdiriləcək, Azərbaycanın üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması prosesinə bütün aidiyyəti qurumlar öz töhfəsini verəcəkdir”.
Politoloq Nurlan Qələndərli Editor.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti diplomatik arenada olduğu kimi, informasiya müstəvisində də zaman və məkan amillərinin vəhdətini təmin edir:

“Bu, 44 günlük müharibə dövründə Azərbaycanın hərb meydanında olduğu kimi, informasiya cəbhəsində də mütləq üstünlüyünü və qələbəsini təmin edən amil oldu. Dövlət başçısı həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Onun səsləndirdiyi fikirlər həm xalqın ruh yüksəkliyini artırdı, həm milli həmrəyliyin güclənməsini təmin etdi, həm də media orqanlarımız üçün “yol xəritəsi” oldu. Bu müddət ərzində dünya mətbuatında İlham Əliyevin xalqa müraciətləri və müsahibələrində əksini tapmış fikirlərinə istinad olunmaqla Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiyanın və analitik materialların dərc olunması isə ölkəmizə böyük üstünlük qazandırdı, erməni yalanları və dezinformasiyalar zərərsizləşdirildi. Postmüharibə dövründə də Azərbaycan Prezidentinin hər çıxışı, müsahibəsi, hər sözü və cümləsi sərrast atış kimi strateji hədəfi vurur, Azərbaycanın beynəlxalq ictimai rəydə mövqelərinin daha da möhkəmlənməsini təmin edir”.
N.Qələndərli bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün media orqanları ilə yanaşı, aidiyyəti qurumların da çevik ve effektiv iş mexanizmi formalaşdırmaları mühüm əhəmiyyətə malikdir: “Azərbaycan mediası və müvafiq qurumlar Vətən müharibəsi dövründə öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışdılar. Müəyyən çatışmazlıqların olmasına baxmayaraq, müsbət göstəricilər və nəticələrdən bəhs etmək olar. Nəzərə almaq lazımdır ki, haqq savaşımız bitsə də, informasiya müharibəsi davam edir. Ona görə də postmüharibə dövründə tarixi Qələbəmizin möhkəmləndirilməsi, strateji prosesə çevrilməsi üçün informasiya platformasında səmərəli fəaliyyəti davam etdirmək lazımdır”.
Politoloq təəssüflə bildirib ki, bəzən ictimai, iqtisadi, siyasi və hərbi-strateji məsələlərlə əlaqədar sosial şəbəkələrdə hansısa şayiələr yayılır, sonra dezinformasiyaya çevrilərək saytları “bəzəyir”. Onun sözlərinə görə, bu, daha çox iki səbəbdən qaynaqlanır: “Birinci səbəb aidiyyəti dövlət qurumlarının məsələyə vaxtında aydınlıq gətirməmələridir. İkinci səbəb isə onların verdikləri məlumatların məsələnin mahiyyətini tam əks etdirməməsidir. Üçüncü amil də var, əslində. Qurumların yaydıqları və media resurslarının, o cümlədən çap mətbuatının da həvəslə dərc etdiyi press-relizlərin mövzunu aydınlaşdırmaq əvəzinə, situasiyanı mürəkkəbləşdirməsi, suala cavab vermək yerinə, yeni suallar yaratmasıdır. Belə olan halda, informasiya məkanında boşluq, ictimai rəydə isə qeyri-müəyyənlik yaranır”.
“Ümumiyyətlə, informasiya ictimai rəyi qidalandıran məhsuldur. Cəmiyyətin sağlam, dövlətin güclü, dövlətçiliyin isə möhkəm olması üçün ictimai-siyasi və ideoloji qida növü kimi yeni, keyfiyyətli və zərərsiz olmalıdır. Təkcə standartlara yox, ən əsası, milli maraqlara cavab verməlidir. Təəssüflər olsun ki, informasiya istehsalı ilə məşğul olduğu söylənilən bəzi resurslarda ciddi səhvlərə yol verilir – hadisələrin mahiyyəti təhrif olunur, qeyri-adekvat ifadələrdən istifadə edilir və s. Bu isə təkcə ictimai rəyin qüsurlu yanaşma ilə zəhərlənməsi deyil, həm də faktların yanlış təqdim olunması, tarixin təhrifi, dövlətçiliyin hədəf göstərilməsidir. Ona görə tarixin mühüm anında – kritik mərhələsində, yəni yeni dünya nizamının yarandığı, yeni strateji çağırışların meydana çıxdığı zaman və şəraitdə informasiya təhlükəsizliyinin qorunması üçün aidiyyəti qurumlar vəzifələrini layiqincə yerinə yetirməlidirlər”,-deyə politoloq əlavə edib.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


