İnformasiya sahəsində mübarizə necə davam edir?- Düşmən təxribatları  hər iki cəbhədə bitmək bilmir…backend

İnformasiya sahəsində mübarizə necə davam edir?- Düşmən təxribatları  hər iki cəbhədə bitmək bilmir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycan 30 illik torpaq həsrətindən sonra Ermənistana qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazanıb. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi 30-a yaxın müsahibə xalqımızın Zəfər çalmasında son dərəcə əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyev xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Bu da ondan xəbər verir ki, ölkəmiz təkcə ön cəbhədə deyil, həm də informasiya müharibəsində ciddi mübarizə aparıb və hadisələrə obyektiv yanaşma, dərin tarixi təcrübə bu münaqişənin qalibinə çevrilməyimizdə mühüm rol oynayıb.

Düşmənlərimizə, onların havadarlarına və bütün dünyaya göstərmiş olduq ki, Azərbaycan xalqını işğalla, əzməklə, tapdamağa çalışmaqla, saxtakarlıqla məhv etmək mümkün deyil.

Maraqlıdır ki, müharibədə əldə olunan uğurlar, Ermənistan tərəfindən törədilmiş  müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlər görülüb?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, informasiya hazırda o qədər əhəmiyyətli vasitəyə çevrilib ki, ondan bütün məqsədlər üçün effektiv şəkildə istifadə etmək olur:

“Ona görə də indiki münaqişəni həm də informasiya müharibəsi adlandırırıq. Hərbi müstəvidə müharibə bitmiş hesab edilsə də informasiya müharibəsi həmişə davam edəcək. Biz  hazırkı texnologiyaların təqdim etdiyi müxtəlif növ informasiya alətlərini milli maraqlarımız üçün istifadə etməyi bacarmalıyıq. Necə ki, ordumuz hərbi sahədə tükənməz savaş nümunəsi yaratdı, media subyektləri də informasiya məkanında eyni qəhrəmanlığı göstərməyi bacarmalıdırlar. Lakin informasiyanın qəbul edilməsi də ayrıca bir məsələdir. Ən doğru, dəqiq informasiyanı auditoriya bəzən qəbul etməkdən imtina edir, çünki ya buna hazır deyil, ya da qəbul etmək istəmir. Burada bir daha informasiyanın siyasiləşməsi məsələsinə şahidlik edirik. Amma bütün bunlara baxmayaraq bizim zəngin təcrübəmiz var”.

Deputatın fikirlərinə görə, Azərbaycan həqiqətlərinə dünya ictimaiyyəti həmişə göz yumub, informasiya müharibəsinə məruz qoyublar:

” Bu gün də həmin proses davam edir. Lakin biz də daima öz həqiqətlərimizi dünyaya çatdırmaq uğrunda mübarizəmizi davam etdirməliyik. Bəzən jurnalistikada, media sahəsində arzu edilən intellektual keyfiyyətlər  çatışmır. Azerbaycan Respublikası Media Agentliyi bu səbəbdən “media savadlılığı” məsələsini daima aktuallaşdırır. Buraya da bir neçə komponent daxil olmalıdır.  Bunlardan birincisi, dildir. Yəni,  qlobal ictimai məkanda özümüzü təmsil etmək üçün bizə lazım olan dil baryeri aradan qaldırılmalıdır. İkincisi, dünyanın siyasi məntiqini dərk edib buna uyğun hərəkət etməliyik. Üçüncüsü isə dostlar tapmalıyıq. Bu da çox çətin məsələdir. Qonşu Rusiyada belə informasiya məkanına daxil olub öz lehimizə müəyyən auditoriya yarada bilmirik. Bu o demək deyil ki, Rusiyada yaşayan azərbaycanlı əhali içərisində intellektuallar yoxdur. Lakin məsələ burasındadır ki, Moskvanın informasiya siyasətinə uyğun olmadığı üçün bunu reallaşdıra bilmirik. Düşünürəm ki, bu maneəni aradan qaldırmalıyıq”.

Qarabağın iqtisadi potensialını xarici investorların diqqətinə çatdırmaq üçün iqtisadi sahədə görülən işləri Editor.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Qarabağda sülhün və təhlükəsizliyin tam bərpa edilməməsi yəni sülh müqaviləsinin imzalanmaması, separatçıların tam olaraq ərazilərimizdən  çıxarılmaması  inkişafa və investisiyaların cəlbinə əsas maneə törədən səbəblərdir:

“Antiterror əməliyyatlarının gözlənilməsi, tam şəkildə minaların təmizlənməməsi Qarabağı və Şərqi Zəngəzuru hələ də riskli bölgə kimi saxlayır. Bir çox investorlar da mövcud riski gözə almaq istəmir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyata inteqrasiyasında dövlətin böyük rolu var. Özəl və xarici investorları prosesə cəlb edə bilməsək tək dövlətin fəaliyyəti nəzərdə tutulan inkişafa səbəb olmayacaq. Dövlət öz hesabına müəyyən işləri görür, yolların çəkilməsi, enerji infrastrukturun qurulması, ağıllı kəndlərin, aeroportların yaradılması… Bu ilin büdcəsində də 3 milyard manata qədər resurs nəzərdə tutulub. Özəl sektorlarda da işartılar hiss olunur. Xüsusən də kənd təsərrüfatında, əkinçilik sahələrində bunun şahidi oluruq”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!