“İngilis dilini bilməyin əhəmiyyəti və zərurəti arasında fərq var”- Təhsil ekspertindən nazirin birmənalı qarşılanmayan fikirlərinə MÜNASİBƏTbackend

“İngilis dilini bilməyin əhəmiyyəti və zərurəti arasında fərq var”- Təhsil ekspertindən nazirin birmənalı qarşılanmayan fikirlərinə MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Elm və Təhsil naziri Emin Əmrullayevin “ingilis dili” ilə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub.

“İngilis dilini bilməyən şəxs müasir elmlə necə məşğul ola və keyfiyyətli nəticə əldə edə bilər?”,-deyə nazir doktorantların və gənc tədqiqatçıların konfransında çıxışı zamanı elm ictimaiyyətinə belə bir sual ünvanlayıb. Alimlərin bütün günü elmlə məşğul olmasının vacibliyini vurğulayan nazir, onların həm də ingilis dilini bilməsinin əhəmiyyətindən söz açıb.Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı fikirlərini Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov Editor.az-a bölüşüb. Ekspert, bildirib ki, nazirin “Necə ki, SSRİ dövründə elmlə məşğul olmaq üçün rus dili zəruri idi, eyni qayda müasir dövrdə ingilis dili üçün keçərlidir” açıqlaması heç bir halda mübahisə obyekti ola bilməz:

“Çünki yaşlı və orta nəslin bir çox nümayəndələri bilməmiş deyillər ki, bir vaxtlar rus dili əslində ikinci ana dili sayılır və orta ümumtəhsil məktəblərində II sinifdən tədris olunurdu. Elmi və kütləvi ədəbiyyatlar əsasən rus dilində idi. Təkcə ötən əsrin 70-ci illərində yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. İndi isə sadəcə vəziyyət dəyişib, rus dilini ingilis dili əvəz edib. Ümumiyyətlə, dil bilməyin əhəmiyyətini danmaq istənilən halda ədalətsizlik olardı. Dil, bir növ dünyaya çıxış qapısıdır və çox dil bilməyin xeyrindən başqa ziyanından danışmağına belə dəyməz, xüsusilə də elm sahəsi ilə məşğul olanlar üçün…”

N.İsrafilovun sözlərinə görə, elmlə məşğul olanlar öz tədqiqatlarının nəticələrini əsasən xarici dildə, xüsusilə də ingilis dilində nəşr olunan nüfuzlu jurnallar vasitəsi ilə dünyaya tanıda və universitetlərimizin beynəlxalq reytinqlərdə nəzərə çarpacaq dərəcədə irəliləyişinə nail ola bilərlər:

“Digər tərəfdən, dünyanın bir çox korifeyləri öz doğma dillərindən başqa heç bir xarici dil bilmədən. öz elmi kəşfləri ilə bəşəriyyətə misilsiz töhfələr verib, dünyanın təkərini dəyişiblər. Bu baxımdan Nazirin “yaxşı nəticələr əldə etmək istəyiriksə, istedadlı, elmə marağı olan və bu sahəni həqiqətən sevən insanları cəlb etməyə çalışmalıyıq”, fikri ilə tam razılaşmalıyıq. Yəni, dil nə qədər önəmli olsa belə, dil bilmək imkanlarından istifadə edib, plagiatçılığa yol verməməliyik. Dil baryerini əsas gətirib, elmlə məşğul olmaq arzusunda olanları elmi fəaliyyətdən çəkindirməməliyik. “Elə vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək”. Bəlkə də gələcək… Ancaq, inanmıram ki, kimsə belə bir günün gələcəyini arzulasın. O ki, qaldı, Sovet dövründə rus dilini bilməyənlərə vəzifə verilməməsi ilə bağlı iddiaya, bununla qətiyyən razılaşmaq olmaz. Rus dilində bir kəlmə bilməyən yüzlərlə yüksək vəzifəlilərin adını çəkmək olar. Məsələ onda deyil… Nə qədər ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir, elmimiz, mədəniyyətimiz və incəsənətimiz də millətə xidmət etməlidir. İngilis dilini bilməyin əhəmiyyəti ayrı şeydir, ingilis dilini bilməyin zərurəti başqa bir şey…”.

//Gülnarə Abasova, Editor.az