İSTİQAMƏT:6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
“Bütün ölkələrin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu məsələsidir”.
Bunu Editor.az-a açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının II bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilir:
“Şəxsiyyətin hüquqi statusu dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının və vəzifələrinin məcmusu başa düşülür. Bu hüquqları iki qrupa bölmək olar: insan hüquqlarına və vətəndaş hüquqlarına. İnsan haqları hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq hüquqları insan hüquqları prinsipləri sırasında öndə gəlir. Hüququn məqsədi vətəndaşların hüquqlarını dövlət qurumlarından müdafiə etməkdir. Başqa sözlə, dövlət insanların həyatını, azadlığını və mülkiyyətini qorumalı, cəmiyyəti xarici təcavüzdən müdafiə etməlidir. Dövlət qanunlara əməl olunmasına nəzarət etməli və insanların mübahisələrinin həllində yalnız arbitr kimi xidmət etməlidir. Həmçinin, hakimiyyət insan haqları ilə məhdudlaşdırılmalıdır. Bu liberalizm ideyaları müasir demokratiya prinsiplərinin və xüsusən də vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Dövlətin tənzimləyici rol oynadığı, insanların qanunlar çərçivəsində fəaliyyət göstərməsinə təminatçı olması qənaətinə gəlirik”.
R. Hüseynov qeyd edib ki, demokratik cəmiyyətdə qərarların qəbul edilməsinə, dövlət proqramlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə az və ya çox dərəcədə təsir göstərə bilən, bəzən dövlətin daxili və xarici siyasətini müəyyənləşdirən müxtəlif qüvvələr fəaliyyət göstərir:
”Bunlar partiyalar, həmkarlar ittifaqları, ictimai təşkilatlar, intellektual elitadır. Onlar kütləvi informasiya vasitələrindən istifadə edir, ictimai rəyi öyrənir, imzalar toplayır, demokratik yürüşlər, piketlər təşkil edir, təhsil sistemi, mədəniyyət və incəsənət əsərləri vasitəsilə öz sosial bazalarını genişləndirir, yəni yeni-yeni adamlar cəlb edirlər. Eyni zamanda, onlar siyasətə təsir etmək üçün daha geniş imkanlar tapırlar. Qeyd edim ki, inkişaf etmiş demokratik dövlətlərdə ilk növbədə bütün sosial təbəqələrin maraqlarının qarşılıqlı surətdə təmin edilməsi mexanizmi işlək vəziyyətdə olur. Dövlət hakimiyyətinə yiyələnmək metodları hamı tərəfindən qəbil edilir, həmçinin qalib tərəf məğlub olanın hüquq və vəzifələrinə hörmətlə yanaşır. Əsas siyasi partiyalar arasındakı rəqabət heç vaxt cəmiyyətin siyasi quruluşuna və iqtisadi fəaliyyət mexanizminə toxunmur. Məhz əsas məsələlərdəki yekdillik cəmiyyəti sosial fəlakətlərdən qoruyaraq, siyasi sabitliyi təmin edir və ictimai tərəqqini sürətləndirir. Yalnız xalqa arxalanan hakimiyyət səmərəli fəaliyyət göstərməyə qadirdir. Demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyəti quruculuğu yolu insanların azad siyasi və ictimai fəaliyyəti üzərində qurulan demokratik təsisatların, o cümlədən çoxpartiyalı sistemin və ictimai birliklər şəbəkəsinin bərqərar olmasından keçir. Cəmiyyətimiz inkişafın elə pilləsinə yaxınlaşmışdır ki, indi partiyalar siyasi mədəniyyət səviyyəsini yüksəltməli, partiyalararası dialoq və koalisiyalı fəaliyyət vərdişlərinə yiyələnməli, pisi yaxşısından seçməyi bacarmalı, hakimiyyətə gəlməyi və xalqın iradəsi ilə hakimiyətdən getməyi öyrənməlidirlər. İqtidarda təmsil olunmuş partiyarlardan fərqli olaraq müxalifətdə olan siyasi partiyaların üzərinə daha geniş fəaliyyət göstərmək düşür. Cəmiyyətin siyasi şüurunun inkişaf etdirilməsində, xüsusən də plüralist yönümdə onların siyasi təfəkkürünün formalaşdırılmasında müxalifət partiyaları daha mühüm rola malikdirlər. Əslində isə demokratik cəmiyyətdə əhalinin siyasi proseslərə qarışması, müdaxiləsi heç də onların bütün həyatlarının siyasətlə məşğul olmasından ibarət olmamalıdır. Hər bir fərd öz öhdəsinə düşən vəzifəni yerinə yetirməli, yeri gəldikdə sosial varlıq olaraq siyasi proseslərdə iştirak etməlidir. Cəmiyyətin və onun bir üzvü olaraq şəxsiyyətin sosiallaşması siyasətin subyekti kimi, siyasi dəyərlərin daşıyıcısı kimi daim təkmilləşməyə, siyasi biliklərini, təsəvvürlərini zənginləşdirməyə möhtacdır. Digər tərəfdən isə, şəxsiyyətin siyasi baxışları, dəyərlər sistemi, qəbul etdiyi siyasi mövqeyi müəyyən amillərin təsiri altında dəyişir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.