İnsanlar niyə “falçı”lara bu qədər həvəslidir?- “Allahdan uzaqlaşmayın”backend

İnsanlar niyə “falçı”lara bu qədər həvəslidir?– “Allahdan uzaqlaşmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılması, pullarının mənimsədilməsi halları durmadan artır. Xəbərdarlıqlara baxmayaraq insanların əksəriyyəti də onların qurbanına çevrilir.

Bəs insanlar niyə özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslərə inanırlar? Cəmiyyət “falçı”lara niyə bu qədər həvəslidir?

İlahiyyatçı Əkrəm Həsənov Editor.az-a bildirib ki, mövzu çox aktual və düşündürücüdür:

“Çünki bu gün əsasən sosial şəbəkələrdə insanlar aldadılır və onların küllü miqdarda pulları dələduzluq yolu ilə ələ keçirilir. İnsanların falçıya üz tutması bir tərəfdən cəmiyyətin psixoloji və sosial durumunu, digər tərəfdən isə mənəvi boşluqları və maariflənmənin səviyyəsini göstərir. Əksər hallarda insanlar həyatda qarşılaşdıqları çətinliklər, qeyri-müəyyənliklər, qorxular və ümidlər fonunda bir çıxış yolu axtarır. Dinə, elmə və ya məntiqli yanaşmaya əsaslanmayan bu axtarışlar bəzən təəssüf ki, falçılıq və baxıcılıq kimi qeyri-etik və mənfəət yönümlü sahələrə yönəlir. Sosial şəbəkələrdə falçılığın reklamı şirnikləndirici və emosional dillə aparıldığı üçün psixoloji cəhətdən zəif düşmüş insanlar tez bir zamanda təsirlənir və bu vədlərə inanmağa meyilli olurlar. Halbuki, bu “xidmət”lərin əksəriyyəti aldadıcıdır və məqsəd insanları maddi və mənəvi istismara məruz qoymaqdır Burada həm hüquqi, həm də mənəvi məsuliyyət məsələsi önə çıxır. Hüquqi cəhətdən belə hallara qarşı ciddi tədbirlər görülməsi vacibdir. Lakin bu kifayət deyil”.

Ə Həsənovun sözlərinə görə, bu istiqamətdə daim insanları maarifləndirmək şərtdir:

“İnsanlar elmə, düşüncəyə, əxlaqa və dəyərlərə söykənərək qərar verməyə alışmalıdır. İnsanın gələcəyi, talehi və ya xoşbəxtliyi hansısa baxıcının söylədiyi “söz”lə deyil, öz əqli, əməli və inamı ilə formalaşır. Bu səbəbdən də cəmiyyətə düzgün dini və elmi baxış aşılanmalı, insanlar çarəni qeyri-real mənbələrdə deyil, real bilik və çalışqanlıqda axtarmağa təşviq olunmalıdır. Falçılığa meylin arxasında dayanan səbəbləri aradan qaldırmaq üçün həm ailələr, həm müəllimlər, həm də media üzərinə ciddi vəzifələr düşür. Media bu məsələdə maarifləndirmə işinin ön cəbhəsində dayanmalıdır. Biz isə bu təhlükəni sadəcə izləməməli, əksinə, hər kəs öz imkanları daxilində bu cür istismarların qarşısını almağa çalışmalıdır. Mən dəfələrlə bu barədə mübarizələr aparmışam. Sosial şəbəkələrdə canlı açan falçılara bu əməllərindən əl çəkmələrini bildirmişəm. Falçılıq böyük günahlardan sayılır. Allah Rəsulunun hədisində bildirilir ki, falçı yanına gedənlərin və onlara müraciət edənlərin namazı da 40 gün qəbul olunmaz. İslam dini bu kimi hallara qarşı çox açıq və qəti mövqe sərgiləmişdir. Qurani-Kərimdə “əl-Bəqərə” surəsinin 102-ci ayəsində sehr və falçılıqla məşğul olanların şeytani iş gördüyü, bununla insanların arasını vurduqları və onların zərər yetirə bilməyəcəyi halda belə, Allahın izni olmadan heç bir şeyə güc yetirə bilməyəcəkləri bildirilir. Bu ayə göstərir ki, falçılıq bir növ küfrə yol açır və insanı Allahdan uzaqlaşdırır.

Peyğəmbərimiz Məhəmməd (s) isə bu barədə belə buyurur: “Kim bir kahinə və ya falçıya gedib onun dediyini təsdiqləyərsə, Muhəmmədə (s) nazil olanı inkar etmiş olar.” (Əhməd ibn Hənbəl, “Müsnəd”, 2/429). Başqa bir hədisdə isə Rəsulullah (s) buyurur: “Kim falçıya gedər və ondan bir şey soruşarsa, onun qırx gün namazı qəbul olunmaz.” (Səhih Müslim). İslam alimləri də bu məsələdə yekdildirlər: İmam Nəvəvi, İbn Teymiyyə, İmam Qəzali və digər böyük alimlər falçılığın qəti şəkildə haram olduğunu, bu yola baş vuranların həm axirət, həm də dünyəvi baxımdan zərər görəcəyini qeyd edirlər. İbn Qayyim əl-Cəvziyyə yazır ki, falçılıq insanın qəlbini zülmətə bürüyür və onu Allahdan uzaqlaşdırır, nəticədə insan həm ruhən, həm də əməli olaraq sarsılır. Cəmiyyətdə geniş maarifləndirmə aparılmalıdır. Evdə böyüklər öz övladlarına falçılığın avamlıq, gerilik, savadsızlıq olduğunu aşılamalıdırlar”.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Editor-az açıqlamasında təəssüf hissi ilə bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq əksər insanlar “falçı”ların qurbanına çevrilirlər:

“Davamlı olaraq hüquq-mühafizə orqanları bu istiqamətdə vətəndaşları maarifləndirir. Xüsusilə, hüquq-mühafizə orqanları ciddi formada onlarla məşğul olaraq insanların prosesin qurbanına çevrilməsinin qarşısını almağa çalışırlar. Vətəndaşlar da diqqətli olmalı, bu cür dələduzların fəaliyyətlərinə qarşı qoymalıdırlar. Heç bir şəxs insanların gələcəyindən xəbər verə bilməz. Gələcəyi Allahdan başqa heç kəs bilmir. Hüquq-mühafizə orqanları vətəndaşlarla birlikdə bu istiqamətdə fəaliyyət göstərən şəxsləri bir-bir araşdırmalı, onlar cəzalandırılmalıdır”.

//Gülnarə Abasova, Editor.az