“İnsanların real gəlirləri kəskin şəkildə azalıb”- Getdikcə artan inflyasiyanın qarşısı necə ALINMALIDIR?backend

“İnsanların real gəlirləri kəskin şəkildə azalıb”- Getdikcə artan inflyasiyanın qarşısı necə ALINMALIDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə rəsmi inflyasiya rəqəmləri, əsasən də ərzaq inflyasiyası kifayət qədər sürətlə artır. Keçən illə müqayisədə bu ilin may ayında rəqəmlər 20 faizi keçib. Bu, insanların real gəlirlərinin kəskin şəkildə azaldığının göstəricisidir”.

Bu sözləri Editor.az- a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, bu il ölkə üzrə nominal əməkhaqqı  cəmi 14 faiz artsa da ərzaq inflyasiyası 20 faizdən çoxdur:

“Bu o deməkdir ki, real gəlirlər əksinə azalıb. Bunun bir neçə istiqamətdə qarşısı alına bilər. Birincisi,daha uzun və dayanıqlı yoldur ki, bu da yerli istehsalın artırılmasıdır. Ancaq bu məqsədlə yeni emal müəssisələrinin yaradılması, kənd təsərrüfatı həcminin artırılması üçün xeyli vaxt lazımdır. Bu yola çoxdan çıxmaq lazım idi. Təəssüf ki, hökumət bu istiqamətdə lazımi məsələlərə doğru diqqət yetirmədi. Ancaq daha qısa zaman çərçivəsində effekt verə biləcək yollardan biri isə  hökumətin Nazirlər Kabinetinin və ya  Parlamentin qərarı ilə qanunlara müvəqqəti düzəlişlər etməklə xaricdən gətirilən ərzaq məhsullarına qoyulan gömrük rüsumları və vergilərin sıfırlanması ola bilər. Bu amil ən qısa zamanda sürətli şəkildə bazara təsir göstərəcək, qiymətlər azalacaq, artım dayanacaq. Bundan əlavə bu, həm də bolluğun yaranmasına da səbəb olacaq. Çünki ölkədə rəqabətli mühit yaranacaq, müxtəlif ölkələrdən qanunlar çərçivəsində ərzaq məhsulları gətirilə biləcək. Bu ərzaq məhsullarının isə sıfır faiz gömrük rüsumu və  vergi  ilə ölkəyə daxil olması qiymətlərin sabitləşməsinə səbəb ola bilər”.

//Gülnarə Abasova, Editor.az