Cənubi Koreya süni intellektə əsaslanan texnologiyadan intiharların qarşısını almaq üçün istifadə edəcək.
“Sherg.az” xarici KİV-ə əsasən xəbər verir ki, yeni proqram insanların körpüdə uzun müddət qaldığını aşkar etdikdə həyəcan siqnalı çalacaq.
Bu ölkədə illərdir, müxtəlif ehtiyat tədbirləri ilə intiharların qarşısını almaq üçün cəhdlər edilir. Bunların arasında Mapo körpüsünə quraşdırılmış təzyiq sensoru və təhlükəsizlik çəpəri diqqət çəkir. Sözügedən sensor, qoruyucu barmaqlıqların normaldan daha sərt tutulduğunu aşkar edir. İnsanların yanlardan tullanmasını çətinləşdirmək üçün isə körpünün üzərinə 8 metrlik mühafizə çəpəri çəkildiyi bildirilir. İndi isə süni intellektə əsaslanan yeni texnologiya ilə bu körpülərdən edilən intihara cəhd sayının minimuma endirilməsi planlaşdırılır.

Yeni quraşdırılmış sistemə intiharı düşünən insanların tipik davranışını aşkar etməsi üçün proqramlaşdırılmış videokameralar şəbəkəsi daxildir. Bu halları aşkar edən sistem daha sonra körpülərin yaxınlığında yerləşən xilasetmə qruplarına siqnallar göndərəcək. Bu, dispetçerlərə intihar cəhdini dayandırmağa və ya şəxsi xilas etmək üçün xilasedici qayıqları və personalı tez bir zamanda yerləşdirməyə başlamağa imkan verəcək.
Seul Böyükşəhər Yanğından Mühafizə İdarəsi və Fəlakət Baş Qərargahının rəsmisi “Korea Times”a deyib: “Həyatlarına son qoymağa çalışan insanların xilas edilməsinin ən vacib cəhəti, suya girməmişdən əvvəl onların dayandırılmasıdır. Çünki bu baş verərsə, sağ qalma nisbəti 50 faizdən aşağı düşür. İşçilərin hər şeyi eyni anda izəməsi mümkün deyil. Amma indi süni intellekt sistemi şübhəli davranış göstərənlərin görüntülərini seçir və xilasetmə qruplarının daha sürətli reaksiya verməsi üçün siqnal verir”.
Məlumat üçün bildirək ki, Cənubi Koreya inkişaf etmiş ölkələr arasında intihar faizinin ən yüksək olduğu ölkə kimi tanınır. Ölkədə 2020-ci ildə hər 100 min nəfərə 25,7 intihar hadisəsinin qeydə alınıb. Paytaxt Seulda Han çayı üzərindən keçən 28 körpü aktiv intihar məntəqəsi kimi istifadə edilir.

