Xəbər verdiyimiz kimi, Moskvada yaşayan azərbaycanlı blogegr Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb.
Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.
Mövzu ilə bağlı “Bizimyol.info” qəzetinin baş redaktoru Bahəddin Həzi Editor.az- bildirib ki, sözügedən bloggeri tanımır:
” Bloggerlə yanaşı ora toplaşan gənclərimizi də tanıya bilmədim. Bu, əslində bütünlüklə Azərbaycan gəncləri deyil. Ümumiləşdirmələr aparanda ehtiyatlı olmaq lazımdır. Bizim öz yüksək təhsil səviyyəsi, miqyaslı dünyagörüşü, yaradıcı inadı və yorulmaz çalışqanlığı ilə böyük uğurlar qazanan çoxlu gənclərimiz var. Belə gənclərin sayı o dünənki izdihama toplaşanlardan qat-qat çoxdur. iPhone əldə etməyin daha yaxşı, düzgün yolları var. Çox gənclərimizdə iPhone var. Ancaq onları heç bir bloggerdən almayıb. Ya tələbədir, uğurlarına görə valideyni alıb, ya da işləyib özü qazanıb. Yeni texnologiya nümunəsi olan smartfon üçün izdihamda basabas salanlar da var, özü texnologiyalara yenilik gətirənlər də var. Əslində ora toplaşanların və ajiotaj yaradanların çoxu yeniyetmələrdir. Hələ nə istədiyini anlamayan yeniyetmələr, hətta gənclər də var. Ona elə gəlir ki, istədiyi, istəməli olduğu, sadəcə bahalı smartfondur. İnsanın yetkinlik əmsalı onun həyatdan, ən başlıcası da, özündən nə istədiyinə bağlıdır. Bu cür hallar təkcə bizim ölkəmizdə yaşanmır, hər yerdə var. Popstarların fanatlarını götürün. Qərbi Avropada, Şimali Amerikada, yaxud yapon, cənubi koreya cəmiyyətlərində də olur. Öz kumiri avtomobil qəzası keçirəndə bu xəbəri eşidib intihara cəhd edən Avropalı gənclər, yeniyetmələr də var. Məşhur müğənni Viktor Tsoy öləndə yemədən-içmədən onun qəbrini qucaqlayıb soyuqlayan nə qədər rus gənci vardı. Şəxsiyyəti, xarakteri tam formalaşmamış insanlar təkcə gənclər arasında deyil, yaşlılar, orta yaşlılar arasında da var. Bu yaxınlarda Rusiyada şəkər tozuna görə marketlərdə bir-birini ayaqlayanlar yeniyetmələr, gənclər deyildi ki. Orta yaşlı və yaşlı adamlardır. Yaxud “black friday” günü hipermarketlərə hücum çəkənləri götürün. Onların arasında gənclər azlıqda idi”.
Baş redaktor yaşanan bu cür halların təkcə gənclərə, eyni zamanda bütün gənclərə aid olmadığını da vurğulayıb:
” Bu gün o izdihamdakından qat-qat çox sayda gənclərimiz öz startaplarında, layihələrində, elmi araşdırmalarında, yaradıcı axtarışlarında uğurla məşğuldurlar. Çoxunun heç iPon yadına düşmür. Yaxud torpaqlarımızı qoruyan əsgərlərimiz. Gənc deyillərmi?! Ona görə bu hadisəyə məhz həmin gün həmin yerdə olan instaqram cəmiyyətinin, tik-tok xalqının qeyri-adekvat məişət əşyaçılığı və duyğusal partlayışı kimi baxmaq lazımdır. Əlbəttə, xoş deyil. Buna səbəb ideoloji boşluq, ruhsal “yetimlik”, emosional natarazlıq və şəxsiyyət natamamlığı kimi hallar ola bilər. Ailə-məktəb-mühit üçbucağında hansısa bucaqlardan biri və ya hamısı birdən korşalanda belə olur. Kor bucaqdan qopan yeniyetmə və gənc qrupları öz içindəki işığa da kordur; o, gözünü qamaşdıracaq zahiri işığa can atır. Bu, o nəslin günahı deyil, bizim nəslin ayıbıdır”.
//Gülnarə Abasova, Editor.az

