İranın xarici işlər naziri Abbas Arakçi ABŞ ilə danışıqlar prosesi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, mövcud şəraitdə Vaşinqtonun yürüdüyü siyasət dialoq üçün imkan vermir.
Editor.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Abbas Arakçi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bu məsələyə toxunub. Xarici işlər naziri qeyd edib ki, İran heç vaxt danışıqlar masasından qalxan tərəf olmayıb.
“Hazırkı şərtlərdə ABŞ-ın siyasətlərinə görə heç bir müzakirə imkanı yoxdur. Biz heç vaxt masanı tərk edən tərəf olmamışıq. Əksinə, danışıqların qarşılıqlı maraqlar və qarşılıqlı hörmət prinsipləri əsasında aparılmasının tərəfdarıyıq. Lakin ABŞ administrasiyası hazırda bu yanaşmanı tətbiq etmir”.
Nazir, həmçinin İranda baş verən etiraz aksiyalarına da münasibət bildirərək qeyd edib ki, ölkənin daxili məsələləri digər dövlətləri maraqlandırmır və bu mövzuda xarici müdaxilə qəbuledilməzdir.
//Gülnarə Abasova, Editor.az

