İran açıq mesaj verdi: “Bu baş verersə, müharibə qaçınılmazdır”backend

İran açıq mesaj verdi: “Bu baş verersə, müharibə qaçınılmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik fonunda İran parlamentinin ali dini rəhbərliklə bağlı sərt bəyanatı region ölkələri tərəfindən diqqətlə izlənilir. Rəsmi Tehranın bu mövqeyi mümkün təhlükəsizlik riskləri və regional sabitlik baxımından müxtəlif suallar doğurur.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ölkənin ali rəhbəri Əli Xameneiyə qarşı mümkün hücumla bağlı kəskin bəyanat yayıb. Bildirilib ki, Xameneiyə yönələn istənilən hücum İrana qarşı müharibə elanı kimi qiymətləndiriləcək. Komissiyanın açıqlamasında bu cür addımın təkcə İran dövlətinə deyil, bütövlükdə İslam dünyasına qarşı hücum hesab ediləcəyi vurğulanıb. Qeyd olunub ki, belə bir ssenari İslam alimlərinin cihad fərmanı verməsi və qlobal səfərbərliyə səbəb ola bilər. Rəsmi Tehran ali rəhbərliyə qarşı istənilən təhlükəni “qırmızı xətt” adlandırır və bunun regionda genişmiqyaslı qarşıdurma yarada biləcəyini bildirir.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi analitik Aydın Quliyev bildirib ki, İran hakimiyyətinin ali dini liderin müdafiəsi ilə bağlı sərt mövqe nümayiş etdirməsi gözləniləndir:

“Çünki Xamenei İranın ali rəhbəridir və konstitusion baxımdan ölkədə ən yüksək statusa malik fiqurdur. Eyni zamanda, İran dövlətinin ideoloji dayaqlarının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, rəsmi Tehranın onun ətrafında sərt müdafiə xətti qurması təbii qarşılanmalıdır”.

Analitikin sözlərinə görə, Xameneinin bu statusu onu potensial hədəf kimi görən xarici güclərin də diqqətində saxlayır:

“Xarici mərkəzlər başa düşür ki, İran hakimiyyətinin müqavimət mexanizminin əsas ideoloji və siyasi siması məhz Ali Dini Rəhbərdir. Bu səbəbdən İsrail və ABŞ kimi ölkələrin Xameneinin fiziki olaraq sıradan çıxarılması ilə bağlı ssenariləri gündəmdə saxlaması istisna olunmur”.

Aydın Quliyev Xameneiyə qarşı mümkün hücumun bütün İslam dünyasında genişmiqyaslı hərəkat yaradacağı fikrinə isə ehtiyatla yanaşır:

“İran daxilində kəskin emosional reaksiyalar və etirazlar mümkündür. Lakin bütün İslam dünyasında Xameneinin müdafiəsi naminə kütləvi hərəkatların başlanacağı real görünmür. Xamenei əsasən şiə dünyasında lider kimi qəbul olunur, halbuki İslam dünyasının əksəriyyəti sünnilərdən ibarətdir. Bu baxımdan, ümumi və vahid reaksiyanın yaranması inandırıcı deyil”.

//Gülnarə Abasova, Editor.az