“İranın Zəngəzur dəhlizi ilə bağlı fikri açıq-aydın bəllidir. Tehran dəhlizin açılmasına qarşıdır. Hər kəsə bəllidir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazisinin parçalanması demək deyil. Sadəcə olaraq Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən quru yolundan söhbət gedir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.
Analitik bildirib ki, İran kommunikasiya xəttinin öz ərazisindən keçməsi və onun nəzarəti altında olmasını istəyir:
“Məsələ qısa və konkret bundan ibarətdir. Bu isə Rusiyaya sərf etmir. Çünki nə vaxtsa İranla münasibətləri gərginləşsə bu, ona sərf etməyəcək. Moskva bunu İrəvan üzərindən etməklə daha rahat və maneəsiz bir şəkildə həyata keçirtməyə çalışır. Azərbaycanın da marağı ondan ibarətdir ki, qərb rayonlarını Naxçıvanla birləşdirən ərazilər açılsın. Azərbaycan həm yükdaşıma, həm də sərnişindaşımaları daha rahat şəkildə burdan həyata keçirtsin. Ermənistanı bir formada yola gətirmək olar. Bu məsələ ilə bağlı İrana təzyiqi isə Rusiya özü göstərəcək”.
S.Hümbətovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi üçün İran əlindən gələn bütün imkanlardan istifadə edir:
“Bu gün sülhdən danışmasına baxmayaraq rəsmi Tehran bunu açıq şəkildə qəbul edə bilmir. Səbəb isə ondan ibarətdir ki, regionda nə qədər münaqişə, gərginlik hökm sürəcək o qədər də təsir vasitələrindən istifadə edəbilmə imkanları olacaq. Azərbaycanla sülh üçün isə Ermənistan ilk növbədə Konstitusiyasını dəyişməlidir. Yalnız bundan sonra digər məsələlərin həllinə nail olmaq mümkündür”.
//Gülnarə Abasova, Editor.az