Editor.az politoloq Anar Əliyev ilə müsahibəsini təqdim edir:
-Anar bəy, Son vaxtlar İranın ölkəmizə qarşı kəskin mövqedən çıxış etməsi, qərəzli yanaşmaları gündəmdədir. İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri isə müxtəlif şərh olunur. Bəs sizcə, birdən-birə daha da kəskinləşən bu münasibətlərin arxasında nə dayanır?
– Doğrudur, İran və Azərbaycan arasındakı münasibətlər son dövrlərdə xüsusilə gərgin mərhələyə qədəm qoyub. İşğal faktı dövründə də İranın Ermənistan maraqlarına xidmət edən davranışlarını zaman-zaman müşahidə edirdik. Lakin münasibətlərin bu gün belə sərtləşməsinin iki mühüm səbəbi var. Birincisi, Azərbaycanın Vətən müharibəsindən sonra yeni reallıqlar ortaya qoyması, ərazi bütövlüyünü təmin etməsi və Cənubi Qafqazda baş verən proseslərdə aparıcı rolunun artması nəticəsində İranın bölgəyə təsir etmək gücünün zəifləməsidir. Bununla da İranda belə bir xof yaranıb ki, Azərbaycan Tehranın daxili vəziyyətinə də müdaxilə edə bilər. Bunları nəzərə alan molla rejimi ölkəmizin inkişafını, gücünün artmasının vaxtında qarşısını almaq məqsədini hədəfləyir. İkincisi isə İranda molla rejimi ötən əsrin 70-ci illərinin sonunda formalaşan və “İslam inqilabı” Qərb dövlətlərinin, xüsusilə də Fransanın bölgəmizdə öz maraqlarını həyata keçirmək məqsədi daşıyan hakimiyyətdir. Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsi, xüsusilə rəsmi Parisin Cənubi Qafqazda çirkin və qaranlıq planlarına qarşı ölkəmizin iradə ortaya qoyması Fransanın bölgədəki maraqlarına kifayət qədər təsir etməklə yanaşı, onun proseslərə iştirakçılıq imkanlarını zəiflədib. Bunun üçün də Fransa əlaltısı olan Ermənistan və İran vasitəsilə rəsmi Bakıya təsir edərək fəaliyyətimizi məhdudlaşdırmağa çalışır. Məhz bu səbəblərdən münasibətlərdə gərginlik daha da artmaqdadır.
– İran tərəfindən sərhəd ərazilərə texnikaların yerləşdirilməsi, hərbi təlimlərin həyata keçirilməsi tərəflər arasında hər hansı qarşıdurmanın olacağından xəbər verirmi?
-İran işğal faktı dövründə 132 km-lik sərhədimiz nəzarətsiz qaldığı müddətdə bir dəfə də hər hansı təlim həyata keçirməyib. Əksinə mövcud nəzarətsizlikdən öz çirkin maraqları, qanunsuz narkotik, silah, insan, orqan alveri ilə bağlı planlarını həyata keçirmək üçün istifadə etməyə çalışıb. Məhz ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra İranın belə bir çirkin addımlar atması, hərbi təlimlər həyata keçirməsi, Azərbaycana qarşı hədə-qorxu kampaniyasının bir elementi idi. Amma İran və molla rejimi unutmamalıdır ki, Azərbaycan nə 1990-cı illər Azərbaycanı, nə Suriya, nə də İrandır. Ölkəmizi belə addımlarla qorxutmaq mümkün deyil. Rəsmi Bakı bu gün Tehrandan daha güclüdür. Onun da mühüm bir neçə səbəbi var.
Birincisi, Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur. İranda isə xalqla hakimiyyət arasında çox ciddi uçurum var. İkincisi, ölkəmizin əsas gücü İran xalqının 50%-ni təşkil edən cənublu soydaşlarımızın molla rejiminin Azərbaycana qarşı hər hansı addımının qarşısını ala bilməsidir. Bu gün Tehran kifayət qədər qorxu içərisindədir. Buna görə də qonşu dövlətlərdən gələcək təhdidlərə qarşı cavab verməyə çalışır.
-Anar bəy, İranın Kəşfiyyat və İnformasiya Nazirliyinin razılığı ilə bu gün Azərbaycanın Təbrizdəki Baş konsulluğunun qarşısında “Hüseyniyyun” terror təşkilatının bayraqları qaldırılıb. Görünür ki, İran təxribatları davam etdirməkdə israrlıdır. Sizcə Azərbaycan hansı addımı atmalıdır?
-Yanvar ayında Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə qarşı silahlı terror hücumu həyata keçirildikdən sonra Azərbaycanın haqlı tələblərinə baxmayaraq molla rejimi hadisənin araşdırılması və cinayətkarın cəzalandırılması istiqamətində heç bir addım atmadı. Əksinə bu terror hücumunu məişət zəmnində baş verən hadisə kimi qiymətləndirməyə çalışdılar. Azərbaycanın bu günə qədər etdiyi tələblərə də molla rejimi heç bir qanuni çərçivədən cavab vermək istəmir. Beynəlxalq təzyiqlər də İrana qarşı kifayət qədər adekvat, sərt olmadı. Bu vəziyyətdən cəsarətlənən rejim beynəlxalq havadarlarının da dəstəyi ilə ölkəmizə qarşı qanunlara zidd terrorçu davranışlarını davam etdirir. Təbrizdə konsulluğumuzun qarşısında bir neçə gün əvvəl və bu gün aksiyaların keçirilməsi İranın terrorçu qruplaşma olduğunu və dövlət təfəkkürü ilə idarə olunmadığını göstərir. Baş verən hadisələrdə İranın molla rejimi ilə yanaşı bir sıra beynəlxalq güclər də məsuliyyət daşıyır. Azərbaycan isə beynəlxalq hüquq və Konstitusiyası çərçivəsində addımlar atır, belə də davam edəcək.
//Safura Bənnayeva, Editor.az

