LYaxın Şərqdə gərginliyin sürətlə artması region ölkələri üçün ciddi təhlükəsizlik riskləri yaradır. İranda baş verən daxili iğtişaşlar və ABŞ-la Tehran arasında artan qarşıdurma ehtimalları təkcə bu iki ölkəni deyil, eyni zamanda regionun aparıcı dövlətlərini də potensial qarşıdurma zonasına çevirir. Xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrin adının İran tərəfindən açıq şəkildə hədəf kimi səsləndirilməsi vəziyyəti daha da həssas edir.
Politoloq Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, məsələyə yanaşarkən ilk növbədə regional aktorların real mövqelərini düzgün qiymətləndirmək lazımdır:

“Türkiyənin Tehran rejiminə dəstək verməsi barədə iddialar doğru deyil. Ankara daha çox regionda sabitliyin pozulmamasında və İranın parçalanmasının qarşısının alınmasında maraqlıdır. Bu mövqe konkret olaraq rejimə siyasi və ya hərbi dəstək anlamına gəlmir.
ABŞ-ın İranı vurması ehtimalına gəldikdə isə, burada coğrafi və hərbi-strateji amillər ön plana çıxır. Vaşinqtonun bu cür addımı Türkiyə ərazisindən atmasına heç bir zərurət yoxdur. Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi infrastrukturu bu baxımdan daha əlverişli və effektiv variantlar sayılır.
ABŞ-ın Türkiyə ilə İranı birbaşa qarşı-qarşıya qoyacaq addımlar atması real görünmür. Çünki bu, həm Ankaranın regional siyasətinə, həm də NATO daxilindəki balanslara ziddir. Türkiyə də öz növbəsində belə bir ssenarinin formalaşmasına imkan verməz”.
Onun sözlərinə görə, digər tərəfdən, ABŞ-ın Türkiyə ərazisindən İranı vuracağı ehtimalı zəif olduğu kimi, İranın da cavab olaraq Türkiyəni birbaşa hədəfə alması inandırıcı deyil:
“Teorik olaraq İran yalnız Türkiyədə yerləşən ABŞ hərbi obyektlərini hədəf kimi göstərməyə çalışa bilər. Lakin bu da yüksək riskli və genişmiqyaslı qarşıdurmaya yol aça biləcək addımdır. Nəticə etibarilə, həm ABŞ, həm də İran Türkiyə ilə açıq hərbi toqquşmadan yayınmağa çalışacaq. Ankara bu məsələdə prinsipial və balanslı mövqeyini qoruyur. Burada söhbət İran rejiminin müdafiəsindən yox, regionda daha böyük xaosun qarşısının alınmasından gedir”.
//Gülnarə Abasova, Editor.az

