“İran bu açıqlamalarla Ermənistan ilə münasibətlərinə diplomatik don geyindirir”-ŞƏRHbackend

“İran bu açıqlamalarla Ermənistan ilə münasibətlərinə diplomatik don geyindirir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narahatlığınızın səbəbi başa düşülən deyil”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani rəsmi Bakının İran İslam Respublikasının Ermənistana dəstəyi ilə bağlı son bəyanatına münasibət  bildirərkən deyib.

“Bizim prinsipial siyasətimiz mehriban qonşuluq, bütün qonşularla münasibətləri genişləndirmək və onlarla əlaqələri möhkəmləndirmək üzərində qurulub.

Qonşuların hər hansı ilə əlaqələrimizi gücləndirmək digər qonşunun əleyhinə olmaq demək deyil”.

Məsələyə münasibət bildirən politoloq Sultan Zahidov Editor.az-a bildirib ki, son dövrlərdə Azərbaycanla İran arasında müəyyən gərginlik yaşanır:

“Bunun əsas səbəbkarı isə İran İslam Respublikasıdır. İranın Azərbaycanla bağlı verdiyi ziddiyyətli bəyanatlar, sərhəd ərazilərdə hərbi təlimlər həyata keçirməsi eyni zamanda, İran ali dini lideri Xaməneinin Zəngəzur dəhlizi “bizim qırmızı xəttimizdir” kimi bəyanatlar verməsi və  Ermənistana dəstəyi bölgədə onun qeyri-konstruktiv rol oynadığının bariz sübutudur. İran tarazlı siyasət yürütmür. Ermənistanla münasibətlərə daha çox üstünlük verir. Bütün bu hadisələrdən sonra Azərbaycanın da İrana qarşı addımlar atması gözlənilən idi. Artıq dövlət səviyyəsində televiziya kanalları vasitəsilə İrana müəyyən mesajlar verilir.
Bütün bunlar Azərbaycanın İrandan çəkinmədiyinin, adekvat cavablar verdiyinin açıq göstəricisidir”.

Politoloq qeyd edir ki,İran Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlaması diplomatik cavabdır:

“ İran Ermənistanla münasibətlərinə don geyindirməyə çalışır. Amma məsələ bundan ibarətdir ki, beynəlxalq siyasətdə münaqişə içərisində olan ölkələrdən birinə dəstək verirsənsə, artıq bu tarazlı siyasət adlanmır. İran islam ölkəsidir və öz dəyərlərinə uyğun olaraq əslində Azərbaycanı dəstəkləməlidir. Amma biz ondan dəstək gözləmirik, sadəcə tarazlı siyasət aparmasının tərafdarıyıq. Lakin Cənubi Qafqaz fonunda görünən odur ki, Tehran bunu etmir və daha çox Ermənistan tərəfinin mövqeyinə uyğun hərəkət edir”.

Sultan Zahidovun fikrincə, İranın Azərbaycana qarşı müharibəyə başlaması inandırıcı deyil:

“Bunun bir neçə səbəbi var. Birincisi  odur ki, Azərbaycan tək deyil, onun yanında qardaş Türkiyə dövləti var. İran da bunu nəzərə almalıdır. İkincisi, 44 günlük Vətən müharibəsindəki uğurundan sonra Azərbaycanın özündə də böyük ruh yüksəkliyi var. Ordumuz kifayət qədər qüvvətlidir. Üçüncü amil isə ondan ibarətdir ki, İranda 30 milyondan çox azərbaycanlı var. İran Azərbaycana müharibəyə başlayarsa, həmin soydaşlarımız Azərbaycanı dəstəkləyəcəklər. Eyni zamanda, İranın beynəlxalq aləmdə mövqeyi zəifləyib. Daxilində baş verən münaqişələr molla rejiminə təhlükə yaradır. Hakimiyyət diqqəti yayındırmaq üçün xaricdə hədəf axtara bilər. Burada hədəf qismində Səudiyyə Ərəbistanının olması daha yüksəkdir, nəinki, Azərbaycanın… Çünki Səudiyyə Ərəbistanı ilə İran arasında ideoloji fərq var. İran hakimiyyəti də bu amilə əsaslanaraq xalqı müəyyən mənada səfərbərliyə səsləmək iqtidarına malikdir”.

//Safura Bənnayeva, Editor.az