“44 günlük Vətən müharibəsindən bəri Tehran rejimi açıq şəkildə Azərbaycanı Zəngəzurla bağlı sabotaj edir”.
Bu fikirləri Editor.az-a politoloq Turab Rzayev Beynəlxalq məsələlər üzrə iranlı ekspert Mehdi Xorsandın erməni mediasına müsahibəsində “Azərbaycan Ermənistanın Zəngəzur bölgəsində hər hansı addım atmağa cəhd etsə, bu, şübhəsiz ki, İrana zərər verəcək və Tehran susmayacaq” fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran rəsmi Bakının Zəngəzur dəhlizini ələ keçirməklə birbaşa Naxçıvana, Türkiyəyə çıxış əldə edə biləcəyini düşünür:
“Bununla da İran bir neçə məqamda strateji itkilər verəcək. Birincisi, Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqəyə görə İrandan asıllığı bitəcək, ikincisi, həm Orta Asiyanın, həm də Türkiyənin bir-birinə çıxışı olacaq. Üçüncüsü isə İranın Avropaya birbaşa çıxış yolu bağlanacaq. Xatırladım ki, Tehran müharibə dövründə Azərbaycana ultimatum irəli sürmüşdü ki, Zəngəzur qırmızı xəttimizdir. Doğrudur, Azərbaycan və Türkiyə Ermənistandan dəhliz istəyir. Hətta bu, Rusiyanın, Çinin də maraqlarına uyğundur. Ancaq biz Ermənistanın hansısa ərazisini işğal etmək niyyətində deyilik. Yeganə hədəfimiz Qarabağın oradakı separatçı rejimin nəzarətində yaşayan əhalisinin Azərbaycana reinteqrasiyasıdır”.
Politoloqun fikrincə, İran sanki Azərbaycan Zəngəzuru işğal etmək eyni zamanda, sərhədləri dəyişmək istəyir kimi süni gündəm yaradır:
“Bununla da özlərinə haqq qazandırmaq və Avropadan dəstək almağa çalışırlar. Halbuki, Azərbaycanın İrəvandan yeganə istəyi, ölkələrin bir-birilərinin ərazi bütövlüyünü BMT sərhədləri çərçivəsində tanımasıdır. Dəfələrlə bildirmişik ki, sərhədlərin dəyişməsi ilə bağlı iddialarımız yoxdur. Lakin Tehran bunlara baxmayaraq Zəngəzurda konsulluq açıb. Bu, tamamilə ölkəmizin maraqlarına zidd idi. Bununla da rəsmi Bakının İsraildə səfirliyinin açılması üçün əsas vermiş oldular. İndi də öz səhv siyasətlərinin cəzasını çəkirlər”.
//Safura Bənnayeva, Editor.az

