İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Vyanada keçirilən nüvə müzakirələrində yekun razılaşmaya həmişəkindən daha yaxın olduqlarını ifadə edib.
Editor.az İran KİV-ə istinadla xəbər verir ki İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bu barədə məlumat verilir. Bildirilir ki, xarici işlər naziri Abdullahiyan britaniyalı həmkarı Liz Truss ilə telefonla danışıb.
Görüş zamanı iki ölkə arasında münasibətlər, regional və qlobal problemlər, həmçinin Vyanada nüvə danışıqları müzakirə edilib.
“Bütün qırmızı xətlərimizə əməl olunarsa, yekun razılaşmaya hazırıq”- iranlı nazir deyib.
Böyük Britaniyanın İrana aid 530 milyon dollarlıq maliyyə aktivini sərbəst buraxmasını alqışladıqlarını ifadə edən Abdullahiyan sözügedən aktivin 1970-ci illərə aid olduğunu dilə gətirib və ümidvar olduğunu bildirib ki, iki ölkə arasında etimadı artıran bu cür tədbirlər əlaqələrin inkişafı üçün zəmin yaradacaq. Böyük Britaniyanın xarici işlər naziri Truss isə ikitərəfli əlaqələrdəki yeni inkişaflardan məmnunluğunu ifadə edərək London və Tehran arasında əlaqələrin genişləndirilməsini istədiklərini bildirib.
//Gülnarə Abasova, Editor.az

