İran casuslarına qarşı dövlətimizlə birgə MÜBARİZƏ APARAQ: “Ölkəmizdə heç kəs siyasi sabitliyi poza bilməz”backend

İran casuslarına qarşı dövlətimizlə birgə MÜBARİZƏ APARAQ: “Ölkəmizdə heç kəs siyasi sabitliyi poza bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Ötən gün Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Hətta bəzi media orqanlarının belə İrana xidmət etdiyi məlum olub.

Son vaxtlar İranla bağlı baş verən hadisələr, İranın Azərbaycana qarşı mütəmadi olaraq qərəzli mövqeyi, səfirliyimizə qarşı son xain terror hücumu göstərir ki, əslində İran din adı altında çoxlu manipulyasiyalara yol verir. Ölkəmizdə də bu molla rejiminin əlaltıları din pərdəsi altında radikal fəaliyyətlə məşğuldur.

Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Bu məsələdə Azərbaycan vətəndaşları da ayıq-sayıq olmalı və hüquq-mühafizə orqanlarına yaxından kömək etməlidirlər.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, İranın molla-fars rejiminin Azərbaycana qarşı  nifrəti həmişə olub:

” Torpaqlarımız işğal altında olduğu dövürdə bu nifrət və düşmənçilik açıq şəkildə ifadə olunmurdu. Amma 44 günlük Vətən müharibəsində qazandığımız qələbəmizi İran heç cürə həzm edə bilmir . Ona görə də Azərbaycana qarşı açıq şəkildə düşmənçiliklərini ifadə etməyə başlayıblar. Bu, dini radikalistlərin ölkəmizdə şəbəkələşdirməklə, müəyyən media orqanları yaratmaqla Azərbaycan dövlətinə qarşı təbliğat aparmaqla,  LGBT-nin yürüşlərini təşkil etməklə, Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xətt olduğunu bəyan etməklə, dronlar və digər silahlar verərək Ermənistanı silahlandırmaqla, Tehranda yerləşən səfirliyimizə silahlı basqını təşkil etməklə ifadə edirlər. Amma Azərbaycanın xüsusi xidmət orqanları və polisi ölkəmizdə siyasi sabitliyi yüksək səviyyədə qoruyur və iranın xüsusi xidmət orqanlarının Azərbaycanda həyata keçirmək istədiyi  planlarının qarşısını peşakarlıqla alırlar.  Son vaxtlar  İranın ölkəmizə göndərdiyi  radikal   dini qruplarının və onlara xidmət edən media orqanlarının ifşası bir daha ölkəmizdə belə ünsürlərə yer olmadığını göstərdi. Təbii ki, bu mübarizədə QHT nümayəndələri və ictimai fəallar da qoşulmalıdırlar.  Xalqımız ən böyük dəyərimiz və sərvətimiz olan  ölkəmizdəki siyasi sabitliyini pozmağa heç kimə imkan verməyəcəkdir”

Milli Məclisin deputatı Şahin İsmayılov isə bildirib ki, Azərbaycanın hüquq mühafizə orqanları son günlər İran agenturasını ifşa etmək üçün əməliyyatlar keçirib:

“Bunun incəliklərini, daha dəqiq desək həmin şəxslərin hansı yollarla və nəyin qarşılığında alətə çevrilməsi kimi məsələləri təbii ki, aidiyyəti qurumlar araşdırır. Bu cinayətin iştirakçıları cəzalandırıldığı kimi, şəbəkənin başında duran qüvvələr də sərt cəzasını alacaq. Burada diqqət yetirməli olduğumuz xüsusi bir məqam var. Biz bu işlərdə ölkənin siyasi rəhbərliyinə dəstək verməliyik. Həmyerlilərimiz bu çirkin əməllərin qurbanı olmasın deyə ciddi çağırışlar etməliyik. Bu işdə hər birimiz əsgər olmalıyıq. Ətrafımızı çəkindirmək, onları maarifləndirmək lazımdır. İran rəhbərliyinin çirkin əməllərini aydın şəkildə yaymaq və bununla insanları maarifləndirmək əsas missiyadır. Cəmiyyətin hər bir fərdi burada mühüm rol oynayır”.

Editor.aza açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib ki, xalq, siyasi institutlar  siyasi hakimiyyət hamısı bir dövlətdir:

” İllərdir, hakimiyyətin siyasi qolu anlamadı ki, müxalifət dövlətin strateji sütunudur. İranın illərdir, ölkəmizin müstəqilliyinə təhdid olan siyasi gedişləri bizi bu mövzunu hər zaman gündəmdə tutmağa məcbur edir. Heç şübhəsizdir ki, Cənub qonşumuzun bizim ona münasibətimizdən asılı olmayaraq, yürütdüyü siyasəti lehimizə olmayıb və olmayacaq. Mövcud hakimiyyət diplomatiyasında uzun illərdir, İran haqqında gerçəkləri görməzdən gəlmə siyasəti yürüdürdü. Biz isə deyirdik ki, bu siyasətin uğurlu olması mümkün deyil, çünki Tehranın niyyəti bəllidir. Yürütdüyümüz yumşaq siyasət də Tehranı məkrli niyyətindən daşındırmayacaq”.

Partiya sədrinin sözlərinə görə, bu istiqamətdə dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi vasitələr, taktiki gedişlər, diplomatik addımlar vacibdir:

“Ancaq ictimai-siyasi fəallar, ölkənin siyasi üzləri Azərbaycan cəmiyyətini İranla bağlı daimi ehtiyatlı olmağa çağırmalı, Cənubdan gələcək təhlükənin Şimal qədər təhlükəli ola biləcəyini göstərməlidirlər.
Uzun illərdir, həm yazıb, həm efirlərdə danışırıq ki, İran və Rusiyadan ölkəmizə heç vaxt dost olmayacaq, xüsusilə İran daim bizim bir dövlət kimi yox olmamız üçün hər şey etməyə hazırdır. Çünki İran öz daxilində türklərə hər an partlamağa hazır bomba kimi baxır. Buna görə də fürsət düşən kimi hər cür düşmənliyini edir. Ona görə ehtiyac yarananda dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi tədbirlər görmək lazımdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.