İran Cənubi Azərbaycan məsələsindən qorxur?-AÇIQLAMAbackend

İran Cənubi Azərbaycan məsələsindən qorxur?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər İran-Azərbaycan münasibətləri gərginləşib. Bunun səbəbi qətiyyən Azərbaycan deyil. Azərbaycan hər zaman İranla dostluq münasibətlərini saxlayıb”.

Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya başqanı Tural Abbaslı deyib.

O, bildirib ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların yaşadığı dövlətə hər zaman hörmət etmişik:

” Bu gün yaşanan gərginliyin səbəbi İran İslam Respublikasının Azərbaycana qarşı yürütdüyü yanlış siyasət, siyasi dairələrinin verdiyi aqressiv bəyanatlardan qaynaqlanır. İran 44 günlük müharibədən sonra ordusu darmadağın olmuş Ermənistanı dirçəltməyə çalışır. Bu məqsədlə də Azərbaycan ərazisindən, Gorus-Qafan yolundan Azərbaycanın xəbəri olmadan Ermənistana göstərdiyi yardımların ardı-arası kəsilmir. Azərbaycanın isə etiraz etdiyi budur. Yoxsa, bizim İranla problemimiz yox idi. Azərbaycan Prezidenti İlham Əliyev hətta işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı belə Arazı dostluq çayı adlandırıb. Əgər Azərbaycanın dostluq münasibətlərinə qarşılıq hələ də gərginlik səngimirsə, deməli baş verən proseslərdə İranı narahat edən məqamlar var. Hesab edirəm ki, İran düşünür ki, Azərbaycan Qarabağla bağlı yerdə qalan problemlərini həll etdikdən sonra Cənubi Azərbaycan məsələsini qaldıra bilər. İranın ehtiyat etdiyi məqam məhz budur. İran hesab edir ki, Azərbaycanın güclənməsi onun strateji maraqlarına uyğun deyil. Bu yanlış fikirdir. Çünki dünya ölkələri İrana qarşı olduğu məqamda Azərbaycan hər zaman İranın yanında olub”.

Tural Abbaslı hesab edir ki, İran hökuməti Azərbaycana qarşı tutduğu mövqedən geri çəkilməsə bu İrana ziyan olacaq:

“Azərbaycan artıq regionda güc sahibinə çevrilib. Heç bir ölkə onunla təhdid dilində danışa bilməz. İran da bunu dərk etməlidir. Azərbaycana qarşı düşmənçilik siyasəti heç bir ölkəyə xeyir gətirməz. Orada yaşayan soydaşlarımızın ürəyi Azərbaycanla birgə döyünür. İran əgər daxili sabitliyinin pozulmasını istəmirsə, nə qədər gec deyil öz əməllərindən əl çəkməlidir”.

//Gülnarə Abasova, Editor.az