Regiondakı geosiyasi tarazlığın dəyişməkdə olduğu bu dönəmdə, ABŞ-ın Qəzza problemi üzrə irəli sürdüyü “sülh planı” yalnız bir diplomatik təşəbbüs deyil — həm də güclərin kəsiyi, narahatlıqların ifadəsi, və regional aktorların mövqelərinin yenidən qiymətləndirilməsinin göstəricisi kimi görünür. Sülhə yönələn hər bir addım, hər bir razılaşma yalnız kağız üzərində qalmayacaqsa, Yaxın Şərqdə uzun illərin gərginliyi və qarşıdurması yeni mərhələyə keçə bilər.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın iştirak edəcəyi hərbi qarşıdurmada qalibiyyəti əvvəlcədən proqnozlaşdırılmışdır. Onun fikrincə, bu səbəbdən Yaxın Şərqdə, o cümlədən İranda aktorlar bu perspektivi nəzərə almaq məcburiyyətindədirlər:

“ABŞ-la ikinci dəfə savaş meydanında toqquşma sərfəli deyil. Çünki artıq beynəlxalq reaksiyalar, insan tələfatı ilə bağlı hayqırışlar, həmçinin ABŞ-ın İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara göstərdiyi dəstək artan etirazla üzləşir. Bu etiraz yalnız İsrailə deyil, ABŞ-a da yönəlib. Ağ Ev hal-hazırda İsraili əməliyyatları dayandırmağa çağırır və Qəzza bölgəsində sabitləşmə strukturlarının qurulmasına dair planlar müzakirə olunur”.
Xalidbəyli əlavə edib ki, “Tramp planı” kimi tanınan bu layihənin həyata keçirilməsi zamanı Britaniyanın keçmiş baş naziri Tommy Player-in Qəzzada yeni idarəetmə strukturlarının yaradılması prosesində iştirakı gözlənilir:
“ABŞ yalnız sülhə yönəlik addım atmaqla kifayətlənmək istəmir, eyni zamanda İranla bağlı mümkün hesablaşmalar da gündəmdədir. Mövcud iddialara görə, İranla bağlı hərbi əməliyyatların olma ehtimalı var. Əgər belə bir ssenari reallaşsa, bu, Yaxın Şərqdə və İran ətrafı dövlətlərdə yeni gərginliklər, sülhə və regional sabitliyə qarşı real təhdidlər yaradacaq.
Rəsmi Tehran bu vəziyyətdən çıxmaq üçün Rusiyanın və Belarusun təsirindən yararlanmaq, həmçinin Türkiyə ilə diplomatik əlaqələri gücləndirmək niyyətindədir. Məqsəd İrana qarşı hərbi müdaxilənin arxa planla həyata keçirilməsinə imkan verməməkdir. Türkiyə üçün isə belə müdaxilə qonşuluq əlaqələri və təhlükəsizlik baxımından ciddi risklər doğurur”.
//Gülnarə Abasova, Editor.az

