“Ötən Praqa sammitində Aİ-nin qısamüddətli missiyasını bölgəyə göndərmək haqqında razılaşma əldə olundu. Sonradan bu missiya uzun müddətli missiyaya çevrildi”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqerinin “İran Ermənistan-Azərbaycan şərti sərhədinə (Ermənistan tərəfindən) öz müşahidəçilərini göndərməyə hazırdır”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ODKB-nin də missiyasının sərhəddə yerləşdirilməsi ilə bağlı Ermənistan hakimiyyətinə edilən təklif hələ də gündəmdə qalmaqdadır:
“Aydın görünür ki, rəsmi İrəvan həmin missiyanı bölgəyə buraxmaq istəmir. İndi də İran belə bir təşəbbüslə çıxış edir. Lakin ermənilər istəsə də belə bir addımı ata bilməyəcəklər. Çünki rəsmi Tehranın sərhəddə missiya yerləşdirməsinə ABŞ və Avropa qətiyyən imkan verməz”.
A.Səmədov qeyd edir ki, bu İranın növbəti reallaşmayan xəyalıdır:” Məqsəd isə aydındır. Türkiyənin bölgədə möhkəmlənməsinə qısqanclıqla yanaşan İran Ermənistan sərhədinə müəyyən qüvvələri yerləşdirməklə bölgədə nüfuzunu artırmaq istəyir. Ancaq ermənilər istəsə də Qərb bunun əleyhinədir və şübhəsiz ki, həmin prosesin reallaşmasına imkan verməyəcək”.
//Safura Bənnayeva, Editor.az

