“İran güclü, inkişaf etmiş, regionda söz sahibi olan Azərbaycanı özü üçün təhlükə kimi qəbul edir. Ona görə də Azərbaycanın öz problemlərini həll edə bilməsini, Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməsini özünün məğlubiyyəti kimi görür. Rahatlıqla deyə bilərik ki, rəsmi Tehranın regionla bağlı 30 illik planı puç olub”.
Bu fikirləri Editor.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran regionda yaranmış yeni reallıqları həzm edə bilmir:
“Elə ona görə də Ermənistanla hər cür əməkdaşlığa gedərək keçmiş vəziyyətin qayıtmasını planlayır. Özünü İslam ölkəsi kimi təqdim edən İranın hərəkətləri nə beynəlxalq hüquqa nə də ki İslam əxlaqına uyğundur. Özünü İslamın “hamisi” hesab edən İranın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan minlərlə insanı qətl edən, soyqırım törədən, tarixi və dini abidələri dağıdan Ermənistana qucaq açması onun ikiüzlü siyasətini göstərir. Çox təəssüflər olsun ki, İran dünyada harda şər qüvvə varsa onunla əməkdaşlıq edir”.
Politoloqun fikrincə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aprelin 9-da İrana səfəri də Azərbaycana qarşı əməkdaşlığın gücləndirilməsi ilə bağlı olub: “ İran çox çalışır ki, Ermənistanla müttəfiqlik müqaviləsi bağlayaraq hansısa formada öz silahlı qüvvələrini Ermənistan ərazisinə, əsasən də Zəngəzur istiqamətində yerləşdirsin. Rəsmi İrəvan qərbdən gələcək etirazlardan çəkinərək İranla bu formada əməkdaşlıqdan qaçır. “İran – Ermənistan qardaşlığı” regionda yaranmış yeni reallığı dəyişəcək və təhlükə törədəcək gücdə olmasa da sülhün əldə olunması prosesini gecikdirir. İranın təhdid-terror, Azərbaycanın daxili işlərinə qarışma siyasəti davam etsə də münasibətlərin açıq hərbi fazaya keçə biləcəyini düşünmürəm. İran regionda Azərbaycana qarşı apardığı münaqişənin davamını Ermənistan vasitəsilə gətirir”.
Y. Hacızadə hesab edir ki, İran Azərbaycana qarşı silahlı hücumun onun üçün hansı nəticələrə gələcəyini hesablaya bilir:
“Azərbaycanın İrana qarşı digər ölkələrlə müttəfiqlik əlaqələri qurmaq imkanları daha yüksəkdir. Çünki İranın dünyada düşmənləri daha çoxdur və onlar böyük gücə, hərbi texnologiyalara malikdirlər. Həmçinin, həmin ölkələr uzun müddətdir ki, İrana qarşı əməkdaşlıqda Azərbaycanla əlaqələrin qurulmasına çalışır. Eyni zamanda, İranda yaşayan soydaşlarımızın da fars- molla rejiminə təsir imkanlarını nəzərə aldıqda ölkəmizə qarşı hər hansı bir açıq təhdidin onun üçün hansı ağır nəticələrə gətirəcəyini indidən müəyyən etmək olar”.
//Safura Bənnayeva, Editor.az

