“İranla Ermənistan qonşu ölkələrdir. Onlar arasında əlaqələrin qurulması, dövlət rəsmilərinin biri-birinə səfərləri normal haldır. Amma bu iki qonşu ölkənin əlaqələrinin Azərbaycana qarşı olması, regionda sülhün təmin olunmasına zərbə vurması təəssüf doğurur”.
Bu fikirləri Editor.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib.

Onun sözlərinə görə, İslam həmrəyliyindən danışan, özünü İslam aləminin hamisi kimi aparan İranın, İslam ölkəsinin torpaqlarını 30 il işğalda saxlayan, minlərlə insanını qətl edən, tarixi və dini abidələrini dağıdan dövlətə siyasi, iqtisadi və hərbi dəstəyi nə İslam əxlaqına, nə də ki beynəlxalq hüququn prinsiplərinə uyğundur:
“Eyni zamanda, bu münasibətlər bizdə təəccüb doğurur ona görə ki, hələ də hər iki ölkə keçmiş xəyallarla yaşayaraq, yeni reallığı qəbul etməyib, regiondakı mövcud vəziyyətin onların istədiyi istiqamətdə dəyişə biləcəyinə ümid edirlər. Ermənistanın Xarici işlər naziri Mirzoyanın səfəri çərçivəsində iranlı həmkarı Hüseyn Əmir-Abdullahian açıqlama verib ki, “Qafqaz böyük güclər arasında mübarizə və çəkişmə meydanına çevrilməməlidir. Qafqazın böyük güclər arasında rəqabət səhnəsinə çevrilməsi regionumuzda sülhə imkan verməyəcək və bölgədə ciddi çağırışlar doğuracaq”. İranlı rəsminin bu fikri ikiüzlülükdən başqa bir şey deyil. Çünki, əgər İran həqiqətən Qafqazda sülhün yaranmasında maraqlı olsaydı, Qafqazın böyük güclər arasında mübarizə meydanına çevrilməsini istəməsəydi, bunu açıq şəkildə Ermənistana deyərək ona dəstək verməzdi. Qafqazı beynəlxalq güclərin mübarizə, çəkişmə meydanına çevirən Ermənistandır”.
Y. Hacızadə xatırladır ki, İran Ermənistana yeni səfir təyin edib və Mirzoyan İrana səfər etməmişdən əvvəl yeni səfir Mehdi Sobhani ilə də görüşüb: ” Yeni səfirin fəaliyyətinə baxdıqda İranın məqsədini anlamış oluruq. Çünki Mehdi Sobhani Ermənistandan əvvəl Suriyada fəaliyyət göstərib. Ordakı fəaliyyəti əsasən terror qrupları ilə əlaqələrin qurulması, Yaxın Şərqdə fəaliyyət göstərən qanunsuz silahlı qüvvələrə İranın dəstəyinin təmin olunmasını təşkil etmək olub. Qafqazda sabitliyin hökm sürməsini istəyən dövlətin belə bir “diplomatı” Ermənistana səfir göndərməsi ciddi suallar doğurur.
Mətbuatda gedən məlumatlara görə İran Ermənistanla hərbi müttəfiqliyin qurulmasının rəsmiləşdirilməsini təklif edir. Lakin qərbin təzyiqlərindən qorxan Ermənistan buna razılıq verməyib. Həmçinin, İran regiondan Rusiyanın sıxışdırılması ilə yaranan boşluğu doldurmaq istəyir. Rusiya ilə münasibətlərinin kəskinləşməsinə baxmayaraq Ermənistanla əlaqələrinin inkişaf etdirməyə çalışmasının da bu məsələ ilə bağlı olduğunu hesab edirəm.
İran Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil və Azərbaycanın müstəqil gücə çevrilməsini qəbul edə bilmir. İranın Ermənistanla əlaqələrinin inkişaf etdirməsinin başlıca səbəbi Ermənistana dəstək verməklə, Azərbaycanın güclənməsinin qarşısını hər hansı bir formada almağa çalışmaqdır”.
//Safura Bənnayeva, Editor.az

