“Bu gün Ermənistanın xarici siyasətində ciddi böhran var. Belə ki, Ermənistanın Rusiya ilə münasibəti əvvəlki kimi deyil və xarici əlaqələrində Avropa, Amerika daha çox önə keçir”.
Bu fikirləri Editor.az-a açıqlamasında əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib.
Onun sözlərinə görə, Ermənistan həmişə Rusiya ilə müttəfiq olsa da bu gün onu təzyiq altında saxlayır:
“Soçi görüşü və Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya Federasiyası prezidenti Vladimir Putinlə daimi telefon zəngləri bunu bir daha sübut edir. Bütün bu hadisələrə baxmayaraq İran həmişə Ermənistan üçün oksigen rolunu oynayır. Ermənistanın iqtisadi, yanacaq-enerji problemlərinin həllinə yardım edir, ərzaq məhsulları ilə təmin edir, eyni zamanda yol-nəqliyyat məsələlərində, ölkə daxilində biznesin inkişafı üçün çalışır. Bütün bunlarda əsas məqsədi ondan ibarətdir ki, Ermənistanın müqavimət qabiliyyəti olsun, Azərbaycana təxribat və təhdidlərini davam etdirsin. Çünki hər cəhətdən inkişaf etmiş güclü Azərbaycan digər qonşu ölkələr kimi İran üçün də arzuolunmazdır”.
Qulu Məhərrəmlinin fikrincə, bu gün əsas problem ondadır ki, İran Ermənistanla münasibətlərdə müəyyən çərçivəni həmişə gözləyir:
“Onsuz da indi İran rejimi və siyasəti ifşa olunmuş səviyyədədir. Onun beynəlxalq sanksiyalara məhəl qoymadan Rusiyaya silah satması fiksasiya olunmuş məsələlərdir və Ermənistan buna görə ciddi sanksiyalara məruz qala bilər. İranda hazırda ölkə daxildəki aksiyaları yatırmaq, diqqəti başqa istiqamətə çəkmək üçün daxili siyasətdə ciddi dönüş gözləniləndir. Bunu hansısa lokal müharibə, Ermənistanla müqavilə bağlamaq ya da Azərbaycana qarşı təxribatlarla reallaşdıra bilərlər. İran öz hayındadır və Ermənistan üçün “nicat” koduna çevrilə bilməz”.
//Safura Bənnayeva, Editor.az

