“İran Ermənistandan alət kimi istifadə edir”-Açıqlamabackend

“İran Ermənistandan alət kimi istifadə edir”-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Ermənistan hər zaman dostluq münasibətində olublar. Son vaxtlarda isə İran Ermənistana bir qədər fərqli münasibət bəsləyir. Məsələn Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistan konsulluğunun açılmasına İran tərəfindən razılıq verilməsi, İranın Ermənistanı PUA ilə təmin etməsi, sərhədlər müəyyən olunmamış Azərbaycan və Ermənistan arasında hansısa sərhəddən danışılması və s.Bütün bunlar onu göstərir ki, İran Ermənistanı yeni şəraitdə müdafiə edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı dövründə də İran Ermənistana yanacaq, hərbi- sursatla yardım edirdi:“Eyni zamanda Qarabağın talan olunmasında da birgə fəaliyyət göstərirdilər. Azərbaycanın nəzarətsiz qalan həmin torpaqlarından narkotik maddələrin tranzit yolu kimi istifadə edilirdi.
İndi isə şərait dəyişib. İran Azərbaycana nəzarət etmək üçün Qafanda konsulluq açır. Bununla da həm Naxçıvana, həm də Azərbaycanın digər ərazilərinə nəzarət etmək imkanı yaranır”.

Politoloqun sözlərinə görə, İran Ermənistan yaxınlaşmasının digər səbəbi Azərbaycana qarşı Ermənistandan alət kimi istifadə edilməsidir: “İran regionda Rusiya-Ermənistan münasibətlərində yaranmış boşluqdan istifadə edərək Ermənistanı öz tərəfinə çəkir. Bununla da regionda mövqelərini gücləndirməyə çalışır.

Bu gün Ermənistanda ABŞ, Rusiya və Avropa İttifaqının maraqları toqquşur. İran da Amerikanın nüfuzunun güclü olduğu ərazilərdə mövcudluğunu göstərməyə çalışır”.

Sədrəddin Soltan İran xarici işlər nazirinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Azərbaycan və Ermənistan sərhədində “yol xəritəsi” hazırlanması məsələsinə də toxunub:

“İran Azərbaycanla Ermənistan arasında hansı “yol xəritəsi”dən danışa bilər? İranın iki ölkə arasında vasitəçiliyi mümkünsüzdür. Çünki İran Azərbaycanla Ermənistan arasında münaqişə olduğu dövrdə tərəfsiz mövqe tuta bilmədi. İran sadəcə regionda vasitəçi, xoşməramlı görünmək üçün bu taktikalardan istifadə edir. Bunun isə heç bir faydası olmayacaq. Azərbaycan haqlı tələblərininin regionun inkişafı naminə olduğu açıq-aşkar ortadadır”.

//Safura Bənnayeva, Editor.az