“İrandakı səfirliyimizə hücumdan bir ay keçir və bu müddət ərzində molla rejiminin məsələni araşdırıb nəticə ortaya qoymaması gözlənilən idi”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi analitik bildirib ki, terror aktı törədilən saatdan etibarən onun İran hakimiyyətinin yüksək rəsmilərinin təlimatı ilə həyata keçirildiyi bəlli idi:
“Terrorçunun və İran hakimiyyətinin davranışları bu qənaətə gətirib çıxarır. Cinayətkar dedikləri bu şəxs rahat şəkildə əlini qolunu sallayaraq hansısa diplomatik korpusa hücum edir və İran polisi bu hücumu sükutla müşahidə edir, heç bir tədbir görmür, sağa-sola silahla atəş açılır və əlavə müdafiə qüvvələri köməyə gəlmir. Üstəlik bir nəfəri öldürüb, iki nəfəri yaralamış bu şəxsi İran dövlətinin televiziya kanalları rahat şəkildə efirə çıxarır, müsahibə alır və özünü rahat ifadə etməsi üçün şərait yaradırlar. Halbuki bu cür hadisələrdə terror aktı törədən şəxs media ilə ümumiyyətlə isə ictimaiyyətlə əlaqələrdən təcrid edilməlidir. Belə olduqda onlardan obyektiv araşdırma gözləmək də doğru deyil. Xarici işlər naziri Ceyhun Bayramov bu məsələ ilə bağlı ciddi narahatlığını bildirib və bu mövqe sözügedən hadisənin iki ölkə arasında qırmızı xətt olduğundan xəbər verir”.
A. Həsrət qeyd edib ki, Azərbaycan-İran münasibətlərində molla rejimi bu qırmızı xətti keçib:
“Azərbaycan bu cür davranışın altında əziləcək dövlət olmadığına görə dəfələrlə İrana xatırlatmalar, xəbərdarlıqlar edilir. Hesab etmirəm ki, hadisə İran tərəfindən obyektiv araşdırılacaq. Azərbaycanla İran arasındakı bu gərginlik hələ çox davam edəcək. Belə münasibət qarşılığında İran adlanan dövlət bizim üçün yoxdur. Ümid edirik ki, gələcəkdə Güney Azərbaycan Cümhuriyyəti qurulacaq və Quzey Azərbaycan onunla ikitərəfli münasibətlərini quracaq. İran bu səfirlik terroru ilə özünü son dəfə biyabrçı vəziyyətə qoydu”.
//Gülnarə Abasova, Editor.az

