“Bu bir daha sübut edir ki, İrandakı hakimiyyət saxtakarcasına müsəlman təəssübkeşliyi təğlibatını aparır. İran həm qonşulara münasibətdə, həm də iddia etdiyi İslam ideologiyasına münasibətdə saxtadır. Qonşulara münasibətdə ədalətsiz və tərəfli mövqe tutmaqla İran hakimiyyəti Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə məşğul olduğunu nümayiş etdirir. Rəsmi Tehran Azərbaycan və Ermənistan məsələsində tərəflərdən birinə bu qədər diqqət ayırmaqla sübut edir ki, Ermənistanın yanındadır və onun bütövlükdə mövqeyini müdafiə edir. Bu isə Ermənistan- Azərbaycan münasibətlərinin normallaşma prosesinə maneə yaradır”.
Bu fikirləri Editor.az–a Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Xocalı faciəsinin ildönümü ilə eyni vaxtda İsfahanda yaşayan ermənilərin Azərbaycana qarşı keçirtdikləri aksiyalarla bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, İrandakı hakimiyyət erməniləri Azərbaycana qarşı istifadə etməklə normallaşma prosesinə zərbə vurur və regionda sülhü, təhlükəsizliyi təhdid edir:
“Ermənilərin İsfahanda keçirdiyi aksiyanın üslubuna, oradakı irəli sürülən şüarlara diqqət yetirsək görərik ki, bu birbaşa İran hakimiyyətinin dəst-xəttidir. Yəni, orada iştirak edənlər ermənilər yox, İran hakimiyyəti nümayəndələri də olsa proses dəyişməyəcək. Bu məsələdə həm Ermənistandakı müxtəlif dairələrin, həm Tehran hakimiyyətinin, həm də İrandakı erməni kilsəsinin mövqeləri üst-üstə düşür. Bu yanlış və ədalətsiz mövqe təəssüf ki, Tehran rejiminin Azərbaycana qarşı təbliğatıdır. İran hakimiyyəti həm Ermənistandakı, həm də İrandakı ermənilərdən Azərbaycana qarşı alət olaraq istifadə edir. Ermənilərin arxasında gizlənib Azərbaycana qarşı təbliğat aparmaqla məşğuldur. Ancaq bütün bunlara baxmayaraq, hakimiyyət özünü gizlədə bilmir. Çünki İran rəsmilərinin əvvəlki çıxışları və ölkə mediasının yaydığı xəbərlər sübut edir ki, bu kimi “aksiyalar” Tehran rejimi tərəfindən təşkil olunub və dəstəklənir”.
//Gülnarə Abasova, Editor.az

