“İran hələ çox pozitiv bəyanatlar səsləndirəcək”-Deputatdan AÇIQLAMAbackend

“İran hələ çox pozitiv bəyanatlar səsləndirəcək”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu ölkələr, xüsusən də Azərbaycanla münasibətlərdə prinsipimiz əməkdaşlığın inkişafına əsaslanır və biz ikitərəfli münasibətlərin istənilən müsbət inkişafını alqışlayırıq. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Azərbaycan hakimiyyətinə tövsiyəmiz odur ki, ümumi məsələlərə diqqət yetirsinlər və tribuna arxasında mübahisəli məsələlərdən, anlaşılmazlıqlardan danışmasınlar, mediadan dostluğu möhkəmləndirmək, qardaşlığı gücləndirmək üçün fürsət kimi istifadə etsinlər. Bu yaxınlarda biz diplomatik reaksiya göstərdik və Azərbaycan hakimiyyətinin diqqətini ümumi məsələlərə diqqət yetirməyə, anlaşılmazlıqlara yol verməməyə cəlb etdik. Biz bu yaxınlarda Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlar şəklində müsbət mesajlar almışıq və ümid edirik ki, anlaşılmazlıqların aradan qaldırılması və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün növbəti addımlar atılacaq”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov  Editor.az-a İran və Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinin birbaşa səbəbkarının İran olduğunu deyib:

“ İran son zamanlar xarici siyasətində Azərbaycanla bağlı elə səhv etdi ki,  hətta Ermənistandan da çox düşmən mövqedə olduğunu göstərdi. Rəsmi Tehranın bu rəftarı hər kəsi heyrətləndirirdi. Bunlar Azərbaycan  tərəfindən qəbuledilməzdir. İran başda olmaqla, heç bir dövlət Azərbaycanla hədə-qorxu ilə danışa bilməz. İranın bu məsələlərdə səbəbkar olmasını təsdiqləyən bir sıra göstəricilər var. Birincisi, 44 günlük Vətən müharibəsində dövründə Tehranın İrəvan tərəfdən çıxış etməsi məlum məsələdir. Amma burada da Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoydu. Prezident İlham Əliyevin Xudafərin körpüsünü “dostluq və qardaşlıq körpüsü” adlandırması bariz nümunədir. Bu, İran üçün hər şey deməkdir. Qafanda, daha sonra da həyasızcasına Təbrizdə Ermənistan konsulluğunun açılması Azərbaycanda hiddət doğurur. İran rəsmilərinin Azərbaycana qarşı qərəzli çıxışları münasibətlərin kəskinləşməsinə səbəb oldu”.

Deputatın fikrincə, son zamanlar Xarici İşlər Nazirliyinin sözçüsü və digərlərinin pozitiv tonda bəyanatlar səsləndirməsi Azərbaycan tərəfdən də müsbət qəbul olunur:

“Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də açıqlama verib. İran anlamağa başlayır ki, tutduğu yol doğru deyil. Azərbaycan heç vaxt İranla bağlı öz doğru yolundan dönməyib. ABŞ başda olmaqla, bir sıra dövlətlərlə İranla bağlı çətin vəziyyətə düşsə də dostluq və qardaşlıq prinsiplərini əlində rəhbər tutaraq münasibətləri pozmamaq üçün hərəkət etdi. İrandan da bu addımı görmək istəyirik. İran siyasilər anlamağa başlayır ki, bu münasibətlər yalnız özünə zərər yetirir. İranla Azərbaycan arasında tarixi tellər, bağlantılar qorunub saxlanılmalıdır. Hələ daha çox İran tərəfindən belə pozitiv bəyanatlar səslənəcək. Müsbət addımlarına qarşı Azərbaycan da adekvat cavab verməyə hazırdır”.

//Safura Bənnayeva, Editor.az