“Sergey Lavrov bu açıqlaması ilə rəsmi Moskvanın bu tip məsələlərdə də İran hakimiyyətini dəstəklədiyini nümayiş etdirir. İsmayıl Haniyə öldürüldükdən sonra Rusiya Prezidenti İran rəsmiləri ilə danışıqlarında bildirmişdi ki, bu tip məsələlərə tələsik cavab verməyə ehtiyac yoxdur və İrana olanlara reaksiya verməməyi tövsiyyə etmişdi”.
Bu fikirləri Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan Editor.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İranın İsmayıl Haniyənin öldürülməsinə hələ də reaksiya verməməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, İran apreldəki uğursuz cavablardan sonra İsrailə İsmayıl Haniyənin qətli ilə bağlı hələ ki cavab verməyib:
“Bununla belə ali rəhbəri başda olmaqla, digər İran rəsmiləri İsrailə cavab verəcəklərini bildiriblər. Ancaq indiyə qədər İran öz ərazisindən birbaşa İsrail ərazisinə raket atmayıb. Budan başqa İran İsrailin ərazisini vura biləcəyi ilə bağlı hədələyici açıqlamalar verir və özünün ballistik raketlərini nümayiş etdirir. Ötən gün İran tərəfi açıqlamasında bildirib ki, dünyada ballistik raketə malik 6 ölkədən biridir. Düzdür, İran birbaşa İsrail ərazisinə raket zərbələri endirməsə də ancaq Livandakı Hizbullah, yəmən husiləri zərbələr endiriblər. Xüsusilə Hizbullah İsrailin ərazisinə çoxlu sayda raket atəşi açaraq hücuma keçib. İsrail də Livanla sərhədboyu ərazilərdəki “Hizbullah”ın hərbi obyektlərini bombalayıb, hərbi silahlı siyasi təşkilatın bir neçə komandirini öldürüb.
İsrail bəyan edib ki, Hizbullah bununla öz hərəkatının İsrailə qarşı olan kinini çıxmış sayarsa, onlar da Livanı vurmağı dayandıracaqlar. Bu raket hücumu İranın İsrailə dolayı yolla cavabı idi. Ehtimal edirəm ki, İran İsraili hələ ki, vurmamaqla gözləmə mövqeyindədir və müxtəlif açıqlamalar ilə yaranmış vəziyyətdən çıxmağa çalışır. Çünki İsrailin də, İranın da dostları və düşmənləri Tehran hakimiyyətinə xəbərdarlıq etmişdi ki, İsraili vuracağı halda iqtisadiyyatı darmadağın ediləcək. Yəni, İran ərazisində çoxlu sayda obyektlərin bombalanması Tehran hakimiyyətinin çox böyük fəlakətinə səbəb olacaq. Tehran hakimiyyəti bu qisas tələsinə hələ ki düşməyib. Digər tərəfdən İsmayıl Haniyənin İsrailin ərazisindən öldürüldüyünə dair heç bir rəsmi fakt yoxdur. İsmayıl Haniyə böyük ehtimal və mütəxəssislərin fikrinə görə, İran ərazisindən öldürülüb. Bu isə İranın suveren hüquqlarının tapdanması və ərazi bötövlüyünün pozulması anlamına gəlmir. Sergey Lavrov “İranın ərazi bütövlüyü ve suverenliyinin pozulması” ifadəsini işlədərək İsraili ittiham edir. Ancaq buna dair heç bir fakt yoxdur”.
//Gülnarə Abasova, Editor.az

