İran ilə Azərbaycan arasında gərginlik artır?- AÇIQLAMAbackend

İran ilə Azərbaycan arasında gərginlik artır?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Xarici İşlər Nazirliyinin sözçüsü yenə də Azərbaycana qarşı ittiham dolu, əsassız, söz yığınından ibarət fikirlər səsləndirib. Xüsusilə də Azərbaycan Xarici İşlər Nazirliyinin əhaliyə zərurət olmadığı müddətcə İrana səfərə məhdudiyyət qoymaları və səfər zamanı da mümkün qədər ehtiyatlı olmaları ilə bağlı xəbərdarlığını İsrail prezidentinin Azərbaycana səfəri zamanı “verdiyi tapşırıqların” nəticəsi kimi dəyərləndirməyə cəhd edirlər”.

Bu fikirləri Editor.az-a politoloq Anar Əliyev İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlıq edib, bu davranış sionist rejimin prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir”, deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, İran rəsmisinin bu davranışı rəsmi Bakı ilə Tehran arasında diplomatik gərginliyin əsasını qoymuş oldu:

” İranın molla rejiminin mahiyyəti bir daha üzə çıxdı. Çünki İran molla rejimi ağaları vasitəsilə özlərinə verilən tapşırıqların icrasını hər zaman qonşu dövlətlər, islam dünyası ilə münasibətlərində, xarici siyasətlərində prioritet hesab etdikləri üçün elə düşünürlər ki, Azərbaycan da kiminsə tapşırığı əsasında davranış nümayiş etdirir. Müstəqil dövlət olmağı bacarmayan İranın ölkəmizi belə gülünc bəyanatlarla ittiham etməsi İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirir. İran XİN bu bəyanatları ilə 27 sentyabrda ölkəmizin Tehrandakı səfirliyinə məqsədli terror hücumunun araşdırılması ilə bağlı rəsmi Bakının haqlı tələblərini arxa plana keçirmək, bu tələblərin cavablandırılmasını yubatmaq üçün də istifadə edir. Çünki terror dövləti İran tərəfindən səfirliyimizə qarşı həyata keçirilən terrorun dövlətimizin bölgə siyasətinə təsir imkanlarını zəiflətmədiyini, ölkəmizin hədə-qorxulardan, təhdidlərdən çəkinmədiyini və müstəqil xarici siyasətində heç bir redaktələr etmədiyini gördükdən sonra onlarda böyük bir qıcıq doğurdu”.

Politoloq qeyd edir ki, İran bütün mümkün variantlardan istifadə etməklə rəsmi Bakının müstəqil siyasətinə əks mövqeyini ortaya qoymağa çalışır:

“Azərbaycanlı tələbə Fərid Səfərlinin bir neçə aydır oğurlanaraq, dövlət qurumları tərəfindən gizlədilməsi, sonradan məcbur olub istintaqa cəlb edilməsi ilə bağlı saxta ittihamlarla cəsusluqda günahlandırılması onu göstərir ki, İran nəinki öz vətəndaşları üçün, qonşu dövlətlər, dünya ölkələri vətəndaşlarına görə də təhlükəli ərazidir. İranda qanunlar, dövlət idarəetməsi mövcud deyil. Beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atan,insan haqlarını oyuncağa çevirən yalnız bir qrupun və özünü lider adlandıran cinayətkar şəxsin maraqlarına xidmət edən idarəetmədir. Nə qədər ki, rəsmi Tehran atdığı sərt addımları başa düşməyəcək, qanunlara uyğun davranış nümayiş etdirməyəcək, bölgəmizdə sülhə başlıca təhdid kimi qalacaq, onun davranışlarına uyğun fəaliyyət göstərəcəyik. Bu vəziyyətdən çıxmaq istəyirsə, yeganə yol münasibətləri normallaşdırmaq, təzyiq, təhdid dilindən tamamilə uzaqlaşmaq, dövlətlərin daxili işinə qarışmamaqla buna nail olmaq mümkündür. Öz vətəndaşına cinayətkar qruplaşma kimi yanaşan, hüquqlarını ayaqlar altına alan bir rejimdən başqa yanaşma nümayiş etdirməsini də gözləmək düzgün deyil. Ölkəmizin ortaya qoyduğu xarici siyasət, heç bir gücün, təhdidlərin qarşısında geri çəkilməməsi Azərbaycanın bölgədə təsir imkanlarını daha da artırır”.

//Safura Bənnayeva, Editor.az