İran prezidenti Məsud Pezeşkian deyib ki, Tehran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə əli olanları “peşman edəcək”.
Hadisədə İsraili günahlandıran İranın ali dini lideri Ayətullah Əli Xamenei də İsmayıl Haniyənin ölümünə görə “ağır cəza” vəd edib: “Bu gün İran şəhid İsmayıl Haniyə üçün yas saxlayır. İran və Fələstin xalqları arasındakı bağ əvvəlkindən daha güclü olacaq, məzlumların müqaviməti və müdafiəsi hər zamankindən daha şiddətli olacaq. İran İslam Respublikası öz ərazi bütövlüyünü müdafiə edəcək və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”, – Məsud Pezeşkian özünün X səhifəsində yazıb.
İranın Ali Rəhbəri də HƏMAS Siyasi Büro rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib. O, İsmayıl Haniyəni “Fələstin mücahidlərinin cəsur lideri” adlandırıb və onun ölümünə görə “ağır cəza” vəd edib. Onun yaydığı bəyanatda deyilir: “Cinayətkar sionist rejim bu hərəkəti ilə ağır cəzaya bəhanə yaradıb və biz İran İslam Respublikası ərazisində şəhid olanın qanının qisasını almağı özümüzə borc bilirik” – Xameneinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, İsmayıl Haniyə Tehranda Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi evin birbaşa raketlə vurulması nəticəsində dünyasını dəyişib. HƏMAS da İran kimi hücumda İsraili günahlandırıb. İsrail rəsmiləri hələlik məlumatı şərh etməyiblər.
//Samir Qurbanov, Editor.az

